11 
Mar
2026
16:14
339

Mirtağı Əsədov Kobaxidzeyə: Şah İsmayıl məscidinin bərpası Gürcüstanda dini tolerantlığın real nümunəsi ola bilər

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ramazan ayı münasibətilə ölkədə dini həmrəylik və tolerantlıq barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

InterPress.ge-nin məlumatına görə, o, qeyd edib ki, Baş nazirin müsəlman icmasının birliyini və ölkədə mövcud dini tolerantlığı vurğulaması müsbət qiymətləndirilir və buna görə ona təşəkkür edilir. Əsədovun sözlərinə görə, Gürcüstanda müsəlmanlar uzun illərdir qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayır və bu birlik ölkədə sülhün və sabitliyin qorunmasına öz töhfəsini verir.

Sədr bildirib ki, Tbilisidə sünni və şiə müsəlmanlarının eyni məsciddə birlikdə ibadət etməsi yalnız tolerantlığın göstəricisi deyil, eyni zamanda mövcud şəraitdən irəli gələn müəyyən zərurətin nəticəsidir. Onun sözlərinə görə, ölkədə dini tolerantlığın daha aydın və real şəkildə təzahür etməsi üçün bəzi tarixi ədalətsizliklərin aradan qaldırılması vacibdir.

Əsədov vurğulayıb ki, Sovet dövründə dinlərə və dini icmalara vurulan zərərin dövlət tərəfindən qismən tanınmasını nəzərdə tutan 27 yanvar 2014-cü il tarixli 117 nömrəli qərarın ruhuna uyğun olaraq, müsəlman icmasının tarixi və dini irsinin bərpasına xüsusi diqqət yetirilməlidir. Bu baxımdan Tbilisidə yerləşən və Sovet dövründə dağıdılmış, təxminən 400 illik tarixə malik Şah İsmayıl məscidinin (xalq arasında Şah Abbas məscidi kimi tanınır) – şiə müsəlmanlarına məxsus tarixi ibadət məkanının – müsəlman icmasına qaytarılması və bərpasına imkan yaradılmasının vacibliyi qeyd olunub.

Onun sözlərinə görə, məscidin bərpası və müsəlman icmasına qaytarılması Gürcüstanda dini azadlığın və qarşılıqlı hörmətin daha da gücləndiyini praktik şəkildə nümayiş etdirə bilər.

Eyni zamanda, Əsədov bəzi hallarda müsəlman icmasına münasibətdə müəyyən ayrı-seçkilik və ikili standartların hiss olunduğunu da qeyd edib. O ümid etdiyini bildirib ki, Baş nazirin rəhbərlik etdiyi hökumət bu məsələlərə diqqətlə yanaşacaq və bütün dini icmalar üçün bərabər münasibətin təmin olunması istiqamətində mühüm addımlar atacaq.

Sonda Seyid Mirtağı Əsədov Ramazan ayı münasibətilə bütün müsəlmanları və ölkə vətəndaşlarını təbrik edib, Gürcüstanda və dünyada sülhün, əmin-amanlığın və qarşılıqlı hörmətin daim hökm sürməsini arzulayıb.

Bizimlə əlaqə saxlayın