1+4 proqramı üzrə dövlət universitetlərinə qəbul olanların təhsil haqqı dövlət tərəfindən maliyyələşdiriləcək
1+4 proqramı çərçivəsində dövlət universitetlərinə qəbul olan şəxslərin təhsil haqqı dövlət tərəfindən maliyyələşdiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi “Maarif” təşkilatının direktoru Aygül İsayevanın müraciətinə cavab olaraq məlumat verib.
Bildirilib ki, Aygül İsayeva cari ilin 15 yanvar tarixində Təhsil Nazirliyinə müraciət edərək 1+4 proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin təhsil haqlarının dövlət tərəfindən maliyyələşdirilməsi, habelə 2025–2026-cı tədris ilində gürcü dili hazırlığı proqramında təhsil alanların da bu qərardan yararlanması məsələsini qaldırıb. Aygül İsayevanın 26 yanvar tarixində Təhsil Nazirliyinə ünvanladığı müraciətdə isə gürcü dili hazırlığı proqramının ləğv edilməməsinin zəruriliyi, həmçinin 2025–2026-cı tədris ilində 1+4 proqramı çərçivəsində dövlət universitetlərinə qəbul olunaraq birillik gürcü dili hazırlığını uğurla başa vuran tələbələrə 2026–2027-ci tədris ilində istədikləri ixtisas və universitetdə təhsil almaq imkanının verilməsi ilə bağlı arqumentlər təqdim olunub.
Nazirlik müraciətləri 22 yanvar və 27 fevral tarixlərində cavablandırıb. Cavab məktublarında qeyd olunub ki, Gürcüstanın “Ali Təhsil Haqqında” qanununa əsasən gürcü dili hazırlığı proqramı 2030-2031-ci tədris ili daxil olmaqla fəaliyyətdə olacaq. Həmçinin, Gürcüstanın "Ali Təhsil Haqqında" qanununun müvafiq normalarına uyğun olaraq, 2025–2026-cı tədris ilində 1+4 proqramı çərçivəsində gürcü dili hazırlığı proqramına qəbul olunan şəxslər proqramı uğurla başa vurduqdan sonra ali təhsil müəssisələrində təhsillərini dövlət maliyyəsi hesabına davam etdirə biləcəklər.
Təhsil Nazirliyinin cavab məktubunda 2026-cı il 26 fevral tarixində qəbul edilmiş 83 saylı qərarla bağlı məlumat təqdim olunub. Bildirilib ki, 2025–2026-cı tədris ilində dövlət universitetlərinə qəbul olunan və gürcü dili üzrə hazırlıq proqramını uğurla başa vuran tələbələr təhsillərini qəbul olunduqları universitetlərdə bakalavr pilləsində davam etdirə bilərlər. Əgər dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrində həmin şəxsin təhsil almaq istədiyi ixtisas mövcud deyilsə, o zaman həmin şəxs 2026–2027-ci tədris ilində bu ixtisas üzrə təhsil vermək hüququ olan və müvafiq siyahıda yer alan istənilən ali təhsil müəssisəsində təhsilini davam etdirə bilər.
Qeyd edək ki, təhsil islahatları nəticəsində 2026-2027-ci tədris ilindən dövlət universitetlərində təhsilin pulsuz olması ilə bağlı qərar qəbul edilsə də, 1+4 proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunanlarla bağlı hər hansı rəsmi açıqlama verilməmişdir. Həmçinin, Gürcüstanda yeni qərar qəbul edilənədək bəzi fakültələrdə təhsil pulsuz olsa da, 1+4 proqramı çərçivəsində universitetə qəbul olunanlardan güzəştli yolla qəbul edildikləri əsas gətirilərək təhsil haqqının ödənilməsi tələb olunurdu.


