DİN: İki polis əməkdaşı saxlanılıb – rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı
Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi Mühafizə Polisi Departamentinin və Patrul Polisi Departamentinin 2 əməkdaşını saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, Baş Müfəttişliyin əməkdaşları Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin patrul-inspektorunu məhkəmə qərarı əsasında rüşvət alma faktına görə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, 1982-ci il təvəllüdlü Yakob Katsadze müxtəlif şəxslərin DİN-in İnformasiya Mərkəzinin bazalarında qanunsuz yoxlanılması və müvafiq məlumatların verilməsi müqabilində rüşvət qismində pul vəsaiti alıb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mühafizə Polisi əməkdaşına gəlincə, Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi onu vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamı ilə məhkəmə qərarı əsasında saxlayıb.
İstintaqla müəyyən edilib ki, Acarıstan Mühafizə Polisi Baş İdarəsinin rəisi, 1981-ci il təvəllüdlü Karlo Uruşadze vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, o, tabeliyində olan əməkdaşa vaxtaşırı iriölçülü yüklərin mühafizəsi və müşayiəti ilə bağlı əmrlərdə saxta məlumatların daxil edilməsini tapşırıb. O cümlədən, həmin əmrlərdə bu işi yerinə yetirməyən, lakin onunla yaxın münasibətdə olan əməkdaşların adları göstərilib. Nəticədə, əmrlərdə adı qeyd olunan şəxslərə mütəmadi olaraq əlavə ödənişlər hesablanıb və bununla dövlətin qanuni maraqlarına ciddi zərər vurulub.
Baş Müfəttişliyin əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində Karlo Uruşadzeni təqsirləndirilən şəxs qismində saxlayıblar.
Nazirliyin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin birinci hissəsi və 341-ci maddəsi ilə aparılır. Bu maddələr 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


