Tbilisidə Arif Hüseynovun “Novruz oymaları” adlı ilk fərdi sərgisi açılıb - FOTO
Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin qalereyasında Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun “Novruz oymaları” adlı ilk fərdi sərgisi açılıb.
InterPress.ge xəbər verir ki, bir həftə davam edəcək sərgi Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, M.F. Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi, “Palazzo Mandrili–Azərbaycan–İtaliya” Qalereyası və Bakı İncəsənət Qalereyasının dəstəyi ilə təşkil olunub.
Novruz bayramı münasibətilə təşkil edilən sərgidə rəssamın milli folklor, zəngin mədəni irs və müasir bədii ənənələri əks etdirən 20-yə yaxın əsəri nümayiş etdirilir. Ekspozisiya Tbilisi tamaşaçıları üçün sənətkarın yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaradır.
Arif Hüseynov bildirib ki, sərgidə Novruz adətlərini əks etdirən 20 əsər təqdim olunur.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında iki ölkə arasında mədəni əlaqələrin inkişafına diqqət çəkərək bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, xalqlar arasında formalaşmış mədəni, iqtisadi və siyasi əlaqələr bu gün daha da möhkəmlənib.
Səfirin sözlərinə görə, sərgi milli adət-ənənələrin təbliği və Azərbaycan–Gürcüstan mədəni əməkdaşlığının inkişafı baxımından mühüm rol oynayır.
Xatırladaq ki, bundan əvvəl Bolnisi rayonunda yerləşən Bolnisi Muzeyində Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində hazırladığı əsərlərdən ibarət sərgi də nümayiş olunub.




