DTX və DİN əməliyyatı: Acarıstanda 72 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə Acarıstanda keçirilən əməliyyat nəticəsində “qanuni oğrular” aləmi ilə əlaqədə şübhəli bilinən 72 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Qela Qeladze Batumidə keçirilən mətbuat konfransında məlumat verib.
Nazirin sözlərinə görə, daha 5 nəfərə ittiham irəli sürülüb – onların bir hissəsinə penitensiar müəssisədə, digər hissəsinə isə qiyabi şəkildə, o cümlədən “qanuni oğru”ya qarşı.
Məlumata əsasən, saxlanılan şəxslər “qanuni oğrular aləminin üzvü olmaq”, “bu aləmin fəaliyyətinə dəstək vermək”, “qanuni oğru toplantısında iştirak”, “qanuni oğruya müraciət” və “qanuni oğru statusu” kimi cinayətlərdə ittiham olunurlar. Hüquq-mühafizə orqanlarının intensiv şəkildə apardığı gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər “kriminal razborkalar” təşkil edir və “qanuni oğru qərarları” çıxarırdılar. Onlar bu cür toplantılar zamanı kriminal aləmin nümayəndələri, o cümlədən “qanuni oğru” Aslan Kobuladze ilə əlaqə saxlayır, şəxsi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında maliyyə və digər kriminal xarakterli mübahisələrlə bağlı qərarlar qəbul edirdilər. Daha sonra tərəflərə pul ödəmək öhdəliyi qoyulur, müəyyən olunmuş müddətlər pozulduqda isə fiziki zorakılıq və öldürmə ilə hədələnirdilər.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima maddəsinin birinci və ikinci hissələri, 223-cü tertsiya maddəsinin ikinci hissəsi, 223-cü sekunda və 223-cü kvarta maddəsinin birinci hissələri ilə aparılır. Bu maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Nazir həmçinin əməliyyatın uğurla həyata keçirilməsində iştirak edən Daxili İşlər Nazirliyi və DTX əməkdaşlarına, eləcə də istintaqa prosessual rəhbərlik edən prokurorlara təşəkkür edib.
Qela Qeladze vurğulayıb ki, ölkədə təhlükəsizliyin və ictimai asayişin təmin olunması üçün hüquq-mühafizə orqanları üçün mütəşəkkil cinayətkarlığa, xüsusilə “qanuni oğrular” aləmi ilə bağlı fəaliyyətlərə qarşı mübarizə prioritet istiqamət olaraq qalır və bu istiqamətdə tədbirlər qətiyyətlə, sərt şəkildə və heç bir kompromisə yol verilmədən davam etdiriləcək.


