Parlament 6 ildən yuxarı avtomobillər üçün aksiz vergisinin artırılmasını ilk oxunuşda qəbul edib
Gürcüstan parlamenti 6 ildən yuxarı minik avtomobilləri üçün aksiz vergisinin artırılmasını nəzərdə tutan dəyişiklikləri I oxunuşda qəbul edib.
InterPress.ge xəbər verir ki, “Vergi Məcəlləsi”nə dəyişikliklər 81 səslə qəbul edilib, 4 deputat isə əleyhinə səs verib.
Məlumata görə əsas dəyişiklik aksiz dərəcələrinin avtomobilin yaşına görə yenidən müəyyənləşdirilməsidir. Belə ki, 0–6 yaş arası avtomobillər üçün aksiz 1 sm³ mühərrik həcminə görə 1,5 lari, 6 ildən yuxarı avtomobillər üçün isə 1 sm³-ə görə 4,5 lari müəyyən edilir.
Qanun layihəsinə əsasən, mövcud aksiz dərəcələrinin tətbiq olunduğu qrafa ləğv edilir və yeni xüsusi dərəcələri müəyyən edən maddələr əlavə olunur.
Hibrid avtomobillər üçün güzəştli rejim saxlanılır – onlar üçün əsas dərəcənin 60 faiz azaldılmış variantı tətbiq ediləcək. Sağ sükanlı avtomobillər üçün isə aksiz dərəcəsi üçqat artırılır.
Keçid müddəalarına görə, 2026-cı il 1 aprel tarixinədək Gürcüstana gətirilmiş və ya həmin tarixədək daşınmasına başlanmış avtomobillərə əvvəlki aksiz dərəcələri tətbiq olunacaq. Quru nəqliyyatı ilə gətirilən və ya öz hərəkəti ilə daxil olan avtomobillər üçün bu müddət 2026-cı il 1 iyul tarixinədək uzadılır.
Qanun layihəsinin təşəbbüskarları “Gürcü Arzusu” partiyasının deputatlarıdır. Onların sözlərinə görə, məqsəd avtomobil parkının yenilənməsi, ətraf mühitin qorunması, yol təhlükəsizliyinin artırılması və davamlı inkişafın təmin edilməsidir.
Deputatlar qeyd ediblər ki, Gürcüstana idxal olunan avtomobillərin böyük hissəsi 6 ildən yuxarıdır və bu, avtomobil parkının köhnəlməsinə səbəb olur. Köhnə avtomobillər daha çox zərərli emissiya, aşağı yanacaq səmərəliliyi və texniki nasazlıq riski ilə seçilir ki, bu da həm ekoloji vəziyyətə, həm də yol təhlükəsizliyinə mənfi təsir göstərir.
Onların fikrincə, yeni vergi siyasəti daha yeni avtomobillərin idxalını stimullaşdıracaq və köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdıracaq.


