Gürcüstanın Katolikos-Patriarxı II İliya vəfat edib
Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Patriarxlığı taxtının müvəqqəti rəhbəri, mitropolit Şio Muciri klinika qarşısında açıqlayıb.
Səhhətinin ağırlaşması səbəbindən II İliya əvvəlcə Çapidzə klinikasına, daha sonra isə “Qafqaz Tibb Mərkəzi”nə yerləşdirilmişdi.
II İliya (dünyəvi adı – İrakli Qiorqi oğlu Şiolashvili) 1933-cü il yanvarın 4-də Orconikidzedə (Şimali Osetiya) Qiorqi Şiolashvili və Nataliya Kobaidzenin ailəsində anadan olub. 1960-cı ildə Moskva Ruhani Akademiyasını bitirib. 1957-ci ildə rahiblik qəbul edərək İliya adını alıb; həmin il aprelin 18-də Sioni kafedralında ierodiakon rütbəsinə yüksəlib; 1959-cu il mayın 10-da Müqəddəs Sergi Lavrasında keşiş-rahib olub. Vətənə qayıtdıqdan sonra Batumi kafedralında ruhani kimi fəaliyyət göstərib; 1960-cı il dekabrın 19-da iqomen, 1961-ci il sentyabrın 16-da arximandrit rütbəsi alıb; 1963-cü il avqustun 26-da Şemokmedi yepiskopu titulu ilə Katolikos-Patriarxın xoriskoposu təyin edilib; 1963-1972-ci illərdə Mçxeta Ruhani Seminariyasının ilk rektoru olub; 1967-ci ildə Abxaziya yeparxiyasına təyin olunub; 1969-cu ildə mitropolit rütbəsinə yüksəlib; 1977-ci il noyabrın 9-da Patriarxın müavini təyin edilib.
O, 1977-ci il dekabrın 23-də Sioni kilsəsində keçirilən XII kilsə məclisində yekdilliklə Katolikos-Patriarx seçilib, dekabrın 25-də isə Mçxetadakı Svetitsxoveli kilsəsində intronizasiya mərasimi keçirilib.
II İliyanın adı Gürcüstanda sovet dövründən sonra kilsə və monastırların bərpası və tikintisi, Gürcü Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası, dini təhsil müəssisələrinin açılması, yeparxiyaların və ruhanilərin sayının artması, beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlıdır.
Onun fəaliyyətində 1990-cı ildə Ümumdünya Patriarxlığı tərəfindən Gürcü Kilsəsinin avtokefaliyasının tanınması xüsusi yer tutur. II İliya 20-dən çox ikonanın müəllifi olub, onların arasında Müqəddəs Üçlük ikonasını xüsusi qeyd etmək olar. Onun xeyir-duası ilə Müqəddəs Kitab müasir gürcü dilində nəşr edilib, həmçinin bir sıra dini əsərlər, broşürlər və kitablar çap olunub. O, eyni zamanda körpələrin kütləvi xaç suyuna salınması ənənəsini də tətbiq edib.


