19 
Mar
2026
20:36
426

Seyid Mirtağı Əsədov: "Ramazan bayramının qeyd olunması ayın 21-nə təsadüf edir"

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov Ramazan ayının başa çatması və qarşıdan gələn Ramazan bayramı münasibətilə müsəlmanlara müraciət edib.

InterPress.gexəbərverirki, o, müraciətində bütün müsəlmanları səmimi qəlbdən təbrik edərək bildirib ki, Uca Allah tutulan orucları, edilən duaları və yerinə yetirilən ibadətləri qəbul etsin. Sədr qeyd edib ki, Ramazan ayında yaşanan mənəvi yüksəliş, ruhi paklanma və ilahi yaxınlıq davamlı olmalı, hər bir möminin həyatında öz əksini tapmalıdır.

Seyid Mirtağı Əsədov vurğulayıb ki, müqəddəs Qurani-Kərimdə orucun vacibliyi və onun insanı təqvaya yönəltdiyi xüsusi qeyd olunur. Onun sözlərinə görə, möminlər daim Allahın razılığına aparan yolda sabitqədəm olmalı, iman və saleh əməllərlə həyatlarını bəzəməlidirlər.

Müraciətdə Peyğəmbər Həzrət Məhəmmədin (s) orucun fəziləti ilə bağlı hədisinə də yer verilib və bildirilib ki, oruclu şəxs üçün həm iftar zamanı, həm də Rəbbi ilə görüş zamanı böyük sevinc vardır.

Sədr eyni zamanda Ramazan bayramı ərəfəsində fitrə zəkatının verilməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, fitrə zəkatı orucu kamilləşdirən və ehtiyac sahiblərinə dəstək olan mühüm dini vəzifədir. Bu ibadətin vaxtında yerinə yetirilməsi cəmiyyətdə həmrəylik, mərhəmət və paylaşma dəyərlərini gücləndirir.

Bildirilib ki, fitrə zəkatı hər bir şəxs adından əsas ərzaq məhsulları – buğda, arpa, xurma və ya düyü miqdarında (təxminən 3 kq) və ya onun pul qarşılığı şəklində verilməlidir.

Seyid Mirtağı Əsədov əlavə edib ki, müctəhidlərin və Cəfəri məzhəbinin fiqhi qaydalarına əsasən bu il Ramazan ayının tamamlanması və Ramazan bayramının qeyd olunması ayın 21-nə təsadüf edir, ayın 20-si isə oruc günü kimi davam edir.

Sonda o, bir daha bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edərək, ailələrə ruzi-bərəkət, qəlblərə iman, həyata isə əmin-amanlıq və səadət arzulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər