21 
Mar
2026
20:20
396

Patriarxlıq II İliyanın dəfn mərasiminin proqramını açıqladı

Gürcüstan Patriarxlığı Katolikos-Patriarx II İliyanın dəfn mərasimi ilə bağlı detallı məlumat yayıb.

InterPress.ge xəbər verir ki, məlumatda mərasim günündə Sameba kafedral məbədində tətbiq olunacaq qaydalar və proqram açıqlanıb.

Bildirilib ki, martın 22-də saat 02:00-dan 08:00-dək Sameba məbədi bağlanacaq. Bu müddət ərzində məbəd mərasim üçün hazırlanacaq və təhlükəsizlik tədbirləri görüləcək. Qeyd olunur ki, məbədə giriş yalnız xüsusi buraxılış vərəqələri ilə mümkün olacaq.

Məlumata görə, bazar günü saat 09:00-da ibadət başlayacaq. Ayini bütün Gürcüstan Patriarxlıq taxtının müvəqqəti rəhbəri, Senaki və Çxoroçku mitropoliti Şio (Muciri) Müqəddəs Sinod üzvləri ilə birlikdə icra edəcək.

Saat 12:15-də Konstantinopol – Yeni Roma arxiyepiskopu və Ekumenik Patriarx I Varfolomey məbədə gələcək və mitropolit Şio ilə birlikdə II İliyanın dəfn mərasiminin dini hissəsini icra edəcək.

Saat 15:00-da II İliyanın nəşi Sameba kafedralından Sioni Patriarxlıq məbədinə doğru piyada yürüşlə aparılacaq.

Patriarxlıq bildirib ki, məbəd daxilində vidalaşma imkanı əldə edə bilməyən vətəndaşlar yürüş marşrutu boyunca patriarxla vidalaşa biləcəklər. Bu məqsədlə marşrut boyunca “canlı dəhliz” təşkil olunacaq, həmçinin quraşdırılacaq böyük ekranlar vasitəsilə mərasim canlı yayımlanacaq və vətəndaşlar çiçəklərlə ehtiramlarını bildirə biləcəklər.

Patriarxlıq vətəndaşlardan mövcud məhdudiyyətləri anlayışla qarşılamalarını xahiş edib və qeyd edib ki, təhlükəsizlik və protokol tələblərinə görə məbədə hər kəsin daxil olması mümkün deyil.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər