II İliya Samebadan Sioni məbədinə matəm yürüşü ilə aparılıb
Bütün Gürcüstanın Katolikos-Patriarxı, Həzrətləri və Müqəddəsliyi II İliyanın nəşi Sameba kafedral məbədindən Sioni Patriarxlıq məbədinə matəm yürüşü ilə aparılıb.
InterPress.ge xəbər verir ki, dəfn mərasimindən əvvəl patriarx üçün panixida keçiriləcək və o, Sioni məbədində, qurbangahın sol tərəfində dəfn olunacaq.
Məlumata görə, Samebadan Sioni məbədinədək olan marşrut boyunca hərbçilərdən ibarət xüsusi təhlükəsizlik dəhlizi təşkil edilib. Eyni zamanda, yol boyu “canlı dəhliz” yaradılıb və vətəndaşlara ölkənin mənəvi liderinə son ehtiramlarını bildirmək imkanı verilib.
Patriarxla vidalaşmaq üçün ölkənin müxtəlif bölgələrindən çoxsaylı vətəndaşlar Tbilisiyə gəlib.
Dəfn mərasimində iştirak etmək üçün paytaxta bir sıra ölkələrin və dini qurumların nümayəndə heyətləri də gəlib. Onlar arasında Ermənistan prezidenti Vaahn Xaçaturyan, Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Vatikan və Rusiya pravoslav kilsələrinin nümayəndələri və müxtəlif dini konfessiyaların təmsilçiləri yer alıb.
Mərasimdə xarici nümayəndə heyətləri ilə yanaşı, Gürcüstan hakimiyyətinin üzvləri də iştirak ediblər.
Qeyd olunur ki, Sameba kafedral məbədində dini ayin səhər saat 09:00-da başlayıb. İbadəti Patriarxlıq taxtının müvəqqəti rəhbəri, Senaki və Çxoroçku mitropoliti Şio Muciri Müqəddəs Sinod üzvləri ilə birlikdə icra edib.
Dəfn mərasiminin dini hissəsini isə Konstantinopol – Yeni Roma arxiyepiskopu və Ekumenik Patriarx I Varfolomey mitropolit Şio və Sinod üzvləri ilə birlikdə icra edib.
Məbədin həyətində toplaşan möminlər mərasimi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər.
Qeyd edək ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunmuşdu və son günlər Sameba məbədində mülki vida mərasimləri keçirilirdi.


