Savalan Mirzəyev azərbaycanlı həmvətənlərinə təşəkkür edib, Novruz bayramı münasibətilə təbrik etdi
Gürcüstanda yaşayan azərbaycanlı icması bu il də yüksək mənəvi dəyərlərə sadiqliyini bir daha nümayiş etdirib.
InterPress.ge xəbər verir ki, bu barədə Parlament deputatı Savalan Mirzəyev sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar olaraq Novruz bayramı tədbirlərinin ləğv edilməsi azərbaycanlılar tərəfindən dərin mənəvi anlayış və böyük hörmətlə qarşılanıb.
Deputat qeyd edib ki, bu qərar yalnız formal addım olmayıb, əksinə əsrlər boyu formalaşmış dostluq, qardaşlıq və qarşılıqlı hörmətin bariz nümunəsidir. O vurğulayıb ki, bu çətin günlərdə gürcü xalqının kədəri azərbaycanlılar tərəfindən öz ağrıları kimi qəbul edilib, həmrəylik nümayiş etdirilib və bir daha sübut olunub ki, bu torpaqda yaşayan xalqları birləşdirən dəyərlər olduqca möhkəmdir.
Savalan Mirzəyev xüsusi olaraq bildirib ki, II İliya hər zaman Gürcüstanda yaşayan azərbaycanlılara böyük hörmət və qayğı göstərib. Onun çıxışlarında və fəaliyyətində xalqlar arasında sülh, qarşılıqlı anlaşma və hörmət ideyaları xüsusi yer tutub. Azərbaycanlı icmaya göstərilən diqqət və onların hüquq və dəyərlərinə verilən önəm bu gün də minnətdarlıqla xatırlanır.
Deputat əlavə edib ki, hər il böyük coşqu ilə qeyd olunan Ramazan bayramı ilə bağlı ənənəvi tədbirlərin də ləğv edilməsi bu hörmətin və mənəvi məsuliyyətin ən yüksək ifadələrindən biri kimi yadda qalıb. Onun sözlərinə görə, bu addım yalnız bir bayramdan imtina deyil, dost xalqın dərdinə şərik olmaq və insani-mənəvi borcun yerinə yetirilməsi nümunəsidir.
Sonda Savalan Mirzəyev Gürcüstanda yaşayan bütün azərbaycanlılara göstərdikləri bu yüksək hörmətə görə təşəkkür edib və qeyd edib ki, bu davranış həm insanlıq baxımından, həm də xalqlar arasında möhkəm əlaqələrin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Deputat, həmçinin bu kədərli günlərə baxmayaraq, xalqı Novruz bayramı münasibətilə təbrik edib, hər bir ailəyə sülh, sağlamlıq, rifah və bolluq arzulayıb.


