İrakli Kobaxidze müsəlman icmasını Ramazan və Novruz bayramı münasibətilə təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə yaşayan müsəlman vətəndaşları Ramazan bayramı və Novruz münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, baş nazir paylaşımında bu bayramların ölkə üçün ağır günlərə – bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı və milli matəm dövrünə təsadüf etdiyini qeyd edib.
Kobaxidze müsəlman icmasına göstərdikləri həmrəylik və başsağlığına görə xüsusi təşəkkürünü bildirib.
“Bu günlərdə göstərdiyiniz səmimi dəstək, ümumi kədərimizi paylaşmağınız və bayram tədbirlərini təxirə salmağınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Bu qardaşlıq dəstəyini heç vaxt unutmayacağıq”, – deyə o qeyd edib.
Baş nazir vurğulayıb ki, ölkənin birliyi məhz belə çətin və xoş günlərdə birlikdə olmağa əsaslanır və bu ənənə əsrlər boyu davam edib.
Onun sözlərinə görə, II İliya hər zaman müsəlman icmasına böyük hörmət və qardaşlıq münasibəti göstərib və tolerantlığın canlı nümunəsi olub.
Kobaxidze əlavə edib ki, bu irsin davam etdirilməsi hər kəsin əsas borcudur.
Sonda baş nazir bir daha bayram münasibətilə təbriklərini çatdıraraq müsəlman ailələrinə sülh, sağlamlıq və bolluq arzulayıb.


