Qonşusunu qətlə yetirən şəxs saxlanıldı
Gürcüstanın Ozurgeti bələdiyyəsində qətl hadisəsi baş verib.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 2002-ci il təvəllüdlü G.Ç.-ni saxlayıblar.
İstintaqın məlumatına görə, hadisə Ozurgeti bələdiyyəsinin kəndlərindən birində baş verib. Təqsirləndirilən şəxs qonşusu – 1968-ci il təvəllüdlü G.M.-ni öz evində baş verən mübahisə zəminində soyuq silahla yaralayıb və hadisə yerindən qaçıb.
Aldığı xəsarətlər nəticəsində G.M. hadisə yerində həyatını itirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində G.Ç. “isti izlərlə” saxlanılıb.
Cinayətin törədildiyi alət – bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə istintaq aparılır. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


