Qonşu qətli ilə bağlı yeni versiyalar: internet tapşırığı iddiası
Ozurgeti bələdiyyəsinin kəndlərindən birində baş verən qətl hadisəsi ilə bağlı yeni detallar açıqlanıb.
InterPress.ge xəbər verir ki, yayılan məlumata görə, 23 yaşlı gənc qonşusuna soyuq silahla xəsarətlər yetirib. İddialara əsasən, bu hərəkəti internet vasitəsilə aldığı tapşırıq nəticəsində törədib. Hadisədən sonra o, ərazidən qaçaraq gizlənib və özünə də xəsarətlər yetirib.
Məlumata görə, gənc kompüter oyunları ilə məşğul olub. Kənd sakinlərinin sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən onun kompüter avadanlığı da götürülüb.
Şübhəlinin atası bildirib ki, oğlu uzun müddət kompüter qarşısında vaxt keçirirdi, lakin hansı oyunları oynadığını bilmirdi.
“Bilmirəm nə edirdi, 24 saat kompüter arxasında otururdu. Gecə saat 04:00-da yatırdı. Qonşunu öldürəndən sonra qaçıb meşədə gizləndi. Polis və təcili yardım gəldi, axtarıb onu meşədə tapdılar, damarlarını kəsmişdi. Kompüteri və telefonu ekspertizaya aparıblar. Evdə axtarış aparıldı, qanlı paltarlar həyətə atılmışdı. Araşdırma davam edir”, – deyə o, “TV Pirveli”yə bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxs Ozurgeti bələdiyyəsinin kəndlərindən birində qonşusuna öz evində, mübahisə zəminində soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. 1968-ci il təvəllüdlü zərərçəkmiş aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs isti izlərlə saxlanılıb, cinayət aləti – bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


