İsrail vətəndaşlarına xəbərdarlıq: Gürcüstan da riskli ölkələr siyahısına daxil edildi
İsrailin Milli Təhlükəsizlik Şurası (MTŞ) qarşıdan gələn yəhudi bayramları ərəfəsində bəzi ölkələrə səfərlə bağlı xəbərdarlıq edib.
InterPress.ge xəbər verir ki, MTŞ-nin yaydığı məlumata görə, İranla davam edən müharibə fonunda xaricdə yaşayan israillilər üçün terror təhlükəsi artıb.
Qurum bildirib ki, son dövrlərdə Qərb ölkələrində yəhudi və israilli obyektlərə qarşı həyata keçirilmiş və ya qarşısı alınmış hücum cəhdləri bu riskin əsas göstəriciləridir.
Eyni zamanda qeyd olunur ki, qarşıdan gələn Pesax və digər dini bayramlar səbəbilə təhlükə səviyyəsi daha da yüksəlir.
MTŞ israillilərə tövsiyə edir ki, İranla həmsərhəd ölkələrdə – Gürcüstan, Azərbaycan, Türkiyə, BƏƏ və digər Körfəz ölkələrində İsrail və ya yəhudiliklə bağlı məkanlarda keçirilən tədbirlərdən uzaq dursunlar.
Qeyd edək ki, martın 5-də yayımlanan əvvəlki xəbərdarlıq siyahısında Gürcüstan və Azərbaycan yer almırdı. Yeni açıqlamada isə bu iki ölkə də riskli istiqamətlər siyahısına əlavə edilib.


