27 
Mar
2026
13:41
276

Gürcüstanda psixotrop dərmanların verilməsi qaydaları sərtləşdirilir - SƏS

Gürcüstanda psixotrop dərmanlarla bağlı islahat çərçivəsində elektron reseptlərin verilməsi qaydalarına dəyişiklik edilib.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1 aprel tarixindən qüvvəyə minəcək dəyişikliklər psixotrop dərmanların dövriyyəsinə nəzarətin gücləndirilməsini, onların məqsədsiz istifadəsinin və sui-istifadə hallarının qarşısının alınmasını nəzərdə tutur.

Yeni qaydalara əsasən, reseptlə verilən dərmanların maksimum miqdarı müəyyən edilib. Belə ki, yetkin şəxslər üçün dərman maksimum 14 günlük, azyaşlılar üçün isə 30 günlük ehtiyat həcmində verilə bilər.

Qaydalara görə, yeni resept yalnız o halda yazıla bilər ki, pasiyentin əlində maksimum 5 günlük dərman ehtiyatı qalmış olsun.

Eyni zamanda, təyin olunan psixotrop dərmanların gündəlik dozası həmin preparatın istifadə təlimatında göstərilən maksimum həddi aşmamalıdır. Həkim konkret dərmanın təyin olunmasının zəruriliyini pasiyentin tibbi tarixçəsində əsaslandırmalıdır. Dozanın dəyişdirilməsi zamanı isə pasiyentin əlində qalan dərman miqdarı nəzərə alınmalıdır.

Qaydalar həmçinin dərmanın itməsi, zədələnməsi və ya məhv olması halları üçün də ayrıca prosedurları müəyyən edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, dəyişikliklər tibbi və əczaçılıq fəaliyyətinə nəzarət orqanının aşkar etdiyi pozuntularla bağlıdır. Belə ki, bəzi hallarda psixotrop dərmanlar lazımi diaqnoz, əsaslandırma və konsultasiya olmadan, hətta icazəsi olmayan həkimlər tərəfindən və yüksək dozalarla təyin edilib.

Qeyd olunur ki, bu pozuntulara görə artıq 10 tibb işçisi peşə məsuliyyətinə cəlb olunub.

Nazirlik bildirib ki, bu sahədə nəzarətin gücləndirilməsi prioritet olaraq qalır və psixotrop dərmanların təyini və verilməsi prosesi üzərində monitorinq daha da sərtləşdiriləcək.

Bizimlə əlaqə saxlayın