Jurnalistin fəaliyyətinə mane olan şəxs saxlanıldı
Gürcüstan Prokurorluğu jurnalistin peşə fəaliyyətinə zor tətbiqi hədəsi ilə qanunsuz maneə törədilməsi faktı üzrə bir nəfərin saxlanıldığını açıqlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Məlumata görə, Kaxeti regional prokurorluğu tərəfindən aparılan istintaqla müəyyən edilib ki, saxlanılan şəxs cari ilin 26 mart tarixində Telavi bələdiyyəsinin Kurdelauiri kəndində Rustavi 2 telekanalının jurnalisti və operatoruna peşə fəaliyyətlərini həyata keçirməyə imkan verməyib.
Bildirilir ki, o, zor tətbiqi ilə hədələyərək jurnalistləri televiziya süjetinin çəkilişini və yayımını dayandırmağa məcbur edib.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsi ilə (jurnalistin peşə fəaliyyətinə zor tətbiqi hədəsi ilə qanunsuz maneə törətmə) ittiham irəli sürüləcək. Bu maddə 2 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət olunacaq.


