DİN: Vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 1 nəfərə ittiham irəli sürüldü, 3 əməkdaş işdən çıxarıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Baş İnspeksiyası tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə bir nəfərə ittiham irəli sürülüb, daha üç əməkdaş isə işdən azad edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, Xidmət Agentliyinin əməkdaşı, sürücülük vəsiqəsi almaq istəyən şəxslər üçün praktiki imtahanların keçirilməsinə cavabdeh olan 1977-ci il təvəllüdlü D.İ. xidməti səlahiyyətlərindən sui-istifadə edib.
İstintaqla müəyyən edilib ki, o, praktiki imtahan zamanı kəsdiyi namizədləri qəsdən özünə yaxın şəxsə əlavə təlimlər üçün yönləndirib və bundan maddi gəlir əldə edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.
Bundan əlavə, araşdırma zamanı Agentliyin digər əməkdaşları – G.S., L.Y. və A.B. tərəfindən intizam pozuntularına yol verildiyi müəyyən olunub. Xidmət yoxlaması nəticəsində təsdiqlənib ki, bu pozuntular nəticəsində üç vətəndaşa sürücülük vəsiqələri qanunsuz verilib.
Qeyd olunan əməkdaşlar barəsində intizam tədbiri olaraq işdən azad edilmə qərarı verilib.


