DİN: Narkotik cinayətlərinə görə 9 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi, Acarıstan, Tbilisi və Sameqrelo–Zemo Svaneti polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda narkotik cinayətlərinə görə 9 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları, eləcə də əvvəllər məhkum olunmuş şəxslər var.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən, yaşayış yerlərindən və onların göstərdiyi məkanlardan satış üçün hazırlanmış, xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Müsadirə olunan narkotiklər arasında “mefedron”, “metadon”, “buprenorfin”, “morfin”, “kodein”, “tebain”, “heroin”, “alfa-PVP”, “kokain” və “marixuana” var.
Bundan əlavə, istintaq çərçivəsində narkotiklərin qablaşdırılması üçün istifadə olunan materiallar və ehtimal ki, narkotiklərin satışından əldə edilən pul vəsaitləri də götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 260³, 260⁴, 261 və 273-cü maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


