29 
Mar
2026
11:19
241

Gürcüstanda iri narkotik əməliyyatı: xarici vətəndaşlar da daxil olmaqla 4 nəfər saxlanılıb

Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotik cinayətləri ilə bağlı 4 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Abxaziya Muxtar Respublikası Polis Departamentinin əməkdaşları Moldovanın iki vətəndaşını – 1981-ci il təvəllüdlü S.K. və 1984-cü il təvəllüdlü A.V.-ni xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına kömək ittihamı ilə saxlayıblar.

Polis tərəfindən aparılan axtarışlar zamanı şübhəlilərin üzərindən, avtomobilindən və müvəqqəti yaşayış yerindən satış üçün hazırlanmış xüsusilə külli miqdarda “metadon” aşkar edilərək maddi sübut kimi götürülüb. Həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar da müsadirə olunub.

Bundan əlavə, hüquq-mühafizə orqanları tərəfindən Gürcüstana xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz gətirilməsi faktı da aşkarlanıb.

Məlumata görə, Mərkəzi Kriminal Polis və Acarıstan Polis Departamentinin əməkdaşları, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birgə əməliyyat nəticəsində iki nəfəri saxlayıb. Onlardan biri – əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Z.Ç. Kutaisi Beynəlxalq Hava Limanında, digəri isə Türkiyə vətəndaşı, 2001-ci il təvəllüdlü S.D. “Sarpi” gömrük-keçid məntəqəsində tutulub.

Saxlanılan şəxslərin üzərindən və əl yüklərindən xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr – “kokain”, “heroin” və “metadon” aşkar edilərək götürülüb.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın