Gürcüstanda hava pisləşir: güclü yağış, qar və sel riski gözlənilir
30 martdan 31 mart səhərinədək ölkə ərazisində hava şəraitinin pisləşəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumatda qeyd olunur ki, bu müddətdə fasilələrlə yağıntılar, bəzi yerlərdə isə güclü yağış gözlənilir.
Agentliyin məlumatına görə, küləyin güclənməsi ehtimalı var. Yüksək dağlıq ərazilərdə isə duman, qar çovğunu və qar uçqunu təhlükəsi proqnozlaşdırılır.
Bildirilib ki, çovğun, görmə məsafəsinin azalması və uçqun riski səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Eyni zamanda, güclü yağıntılar nəticəsində çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi mümkündür.
Məlumata əsasən, təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.


