Gürcüstanda hava pisləşəcək – XƏBƏRDARLIQ
Gürcüstanda yaxın günlərdə hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, Gürcüstan Ətraf Mühit Milli Agentliyinin yaydığı məlumata əsasən, 3 aprel gününün sonundan 5 aprelədək ölkə ərazisində fasilələrlə yağıntı olacaq, bəzi yerlərdə isə güclü yağış müşahidə ediləcək.
Sinoptiklərin proqnozuna görə, 5–6 aprel tarixlərində Şərqi Gürcüstanda, o cümlədən paytaxt Tbilisidə güclü qərb küləyi əsəcək.
Qurumun məlumatında bildirilir ki, bəzi bölgələrdə ildırım və küləyin güclənməsi də mümkündür.
Eyni zamanda, intensiv yağıntılar bir sıra təbii risklər yarada bilər. Belə ki, çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, yüksək dağlıq ərazilərdə qar uçqunlarının yaranması, həmçinin dağlıq və təpəlik zonalarda torpaq sürüşməsi və sel proseslərinin aktivləşməsi ehtimal olunur.
Məlumata görə, gözlənilən təhlükə səviyyəsi orta qiymətləndirilir.


