DİN: Əfqan Sadıqov cərimələnib, Gürcüstandan deport olunub və ölkəyə girişinə 3 il qadağa qoyulub
Gürcüstan Daxili İşlər Nazirliyi Azərbaycanlı jurnalist Əfqan Sadıqov ilə bağlı əlavə məlumat yayıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, Sadıqov sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyi üçün inzibati qaydada saxlanılıb.
Məlumata əsasən, Tbilisi Şəhər Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə təqsirli bilib. Ona 2000 lari məbləğində cərimə tətbiq olunub, Gürcüstandan deport edilib və ölkəyə girişinə 3 il müddətinə qadağa qoyulub.
Nazirliyin açıqlamasına görə, məhkəmə qərar qəbul edərkən Sadıqovun daha əvvəl 62 dəfə müxtəlif inzibati xətalara görə məsuliyyətə cəlb olunmasını da nəzərə alıb. Bu hallara toplaşma və nümayiş qaydalarının pozulması da daxildir və o, iki dəfə inzibati həbs cəzası çəkib.
Bundan əlavə, qərar verilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının Sadıqovla bağlı təhlükəsizlik məsələlərinə dair təqdim etdiyi məlumatlar da nəzərə alınıb.
Qurum qeyd edir ki, əvvəllər Azərbaycan tərəfi Sadıqovun ekstradisiyasını tələb edib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən tətbiq edilmiş müvəqqəti tədbirə əsasən, Gürcüstan onun təhvil verilməsindən imtina edib. Sonradan Azərbaycan prokurorluğu həmin cinayət işi üzrə təqibi dayandırıb və nəticədə ekstradisiya prosedurları da ləğv olunub.
Bununla belə, DİN vurğulayır ki, Sadıqovun törətdiyi inzibati hüquq pozuntusu deportasiya və ölkəyə giriş qadağası ilə nəticələnib. O, mənşə ölkəsinə göndərilib və Gürcüstana girişinə 3 il müddətinə qadağa qoyulub.
Nazirlik əlavə edir ki, Gürcüstanda insan hüquq və azadlıqları tam qorunur, eyni zamanda dövlət fərdi hüquqlar və milli təhlükəsizlik maraqları arasında balansı ciddi şəkildə təmin edir.


