06 
Apr
2026
13:16
344

Gürcüstanda hərbi çağırış qaydaları dəyişir

Gürcüstan parlamentinin müdafiə komitəsi “Müdafiə Kodeksi”nə nəzərdə tutulan dəyişiklikləri birinci oxunuşda müzakirə edərək dəstəkləyib.

InterPress.ge xəbər verir ki, layihənin əsas yeniliklərindən biri çağırışçıların hərbi xidmətə çağırılmasının yalnız rəsmi bildirişlə deyil, həm də digər kommunikasiya vasitələri, o cümlədən SMS vasitəsilə həyata keçirilməsidir.

Layihə Gürcüstan Müdafiə Nazirliyi tərəfindən hazırlanıb və çağırışçıların hərbi qeydiyyata alınması, eləcə də milli hərbi xidmətə çağırılması ilə bağlı təşkilati məsələləri əhatə edir.

Dəyişikliklərə əsasən, çağırış prosesi bir neçə üsulla həyata keçiriləcək: ilk növbədə, rəsmi sənədin şəxsə təqdim olunması və imza ilə təsdiqlənməsi; əgər şəxs imzadan imtina edərsə, bu, səlahiyyətli şəxsin imzası ilə rəsmiləşdiriləcək. Həmçinin bildiriş texniki və digər kommunikasiya vasitələri ilə göndərilə biləcək və bu, müvafiq aktla təsdiqlənəcək.

Qanun layihəsinə görə, əgər bildirişin təqdim edilməsi mümkün olmazsa və ya SMS və elektron poçt vasitəsilə 2 iş günü ərzində cavab alınmazsa, çağırışla bağlı məlumat rəsmi internet səhifəsində yerləşdiriləcək və dərc olunduqdan 7 gün sonra rəsmi təqdim olunmuş hesab ediləcək. Bu halda şəxs 10 gün ərzində müvafiq quruma müraciət etməlidir.

Bundan əlavə, hökumət qərarı ilə bildirişin təqdim edilə biləcəyi ailə üzvlərinin siyahısı da müəyyən ediləcək.

Layihədə həmçinin hərbi xidmətlə bağlı digər mühüm dəyişikliklər də nəzərdə tutulur. Belə ki, mövcud qaydaya əsasən, müqaviləli hərbi xidmət keçən şəxs kontraktı vaxtından əvvəl dayandırdıqda, müəyyən şərtlərlə ehtiyata buraxılır və ya yenidən hərbi xidmətə cəlb olunur.

Yeni dəyişikliklərə görə isə, peşəkar hərbi xidmətini yarımçıq dayandıran şəxs, əgər möhlət və ya azadolma hüququ yoxdursa və ya ağır ailə vəziyyəti ilə bağlı əsaslı səbəb təqdim etməzsə, avtomatik olaraq 8 aylıq milli hərbi xidmətə yönləndiriləcək.

Eyni zamanda, müqavilə şərtlərinin pozulmasına görə tətbiq edilən cərimələrə də dəyişiklik edilir. Belə ki, bu şəxslər üçün cərimə ödənişi 8 ay müddətinə təxirə salınacaq və xidmət başa çatdıqdan sonra həmin cərimə tamamilə ləğv ediləcək.

Bizimlə əlaqə saxlayın