06 
Apr
2026
14:35
463

Gürcüstanda tüstülü avtomobillərə görə yazılan cərimələr artıb

Gürcüstanın Ətraf Mühitə Nəzarət Departamenti görünən tüstü ilə bağlı sürücülərə tətbiq edilən cərimələrin sayının artdığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin ətraf mühitin mühafizəsi komitəsinin iclasında qurumun rəhbəri Levan Jğarkava məlumat verib.

Onun sözlərinə görə, yoxlamalara 2023-cü ilin sentyabrından başlanılıb və həmin il ərzində 2 980 cərimə protokolu tərtib olunub. 2024-cü ildə bu göstərici 5 565, 2025-ci ildə 6 022, 2026-cı ilin yanvar-mart aylarında isə 2 239 olub.

Cərimələrin ümumi məbləği sürücülər üzrə 2 032 000 lari təşkil edir ki, bunun 1 680 894 larisi artıq ödənilib. Avtomobil sahibləri üzrə isə 2 466 500 lari cərimə yazılıb, bunun 1 102 419 larisi yığılıb.

Statistikaya əsasən, ən çox cərimə Tbilisidə (53%) qeydə alınıb. Sonrakı yerlərdə Batumi (18%) və Kutaisi (16%) gəlir.

Levan Jğarkavanın sözlərinə görə, orta hesabla hər gün 20-22 belə cərimə yazılır.

Qanunvericiliyə əsasən, tüstülü avtomobil idarə edən şəxsə görə həm sürücü, həm də nəqliyyat vasitəsinin sahibi məsuliyyət daşıyır. İlk dəfə pozuntuya görə hər ikisi 100 lari məbləğində cərimə olunur. Təkrar hallarda cərimə məbləği 300 lariyə, növbəti təkrar hallarda isə 600 lariyə qədər artır.

Hüquqi şəxslər üçün sanksiyalar daha sərtdir: ilk pozuntuya görə 500 lari, ikinci dəfə 1 500 lari, növbəti hallarda isə 3 000 lari cərimə tətbiq olunur.

Eyni zamanda, sürücülərə qərarla razılaşmadıqları halda 2 saat ərzində xüsusi mərkəzlərdə avtomobili yoxlatdırmaq imkanı verilir. Əgər bu müddətdə avtomobilin texniki cəhətdən saz olduğu təsdiqlənərsə, cərimə ləğv edilir. Bu halların statistikası isə 2%-dən aşağıdır.

Bizimlə əlaqə saxlayın