Merin qardaşı tərəfindən döyülən iş adamının vəziyyəti ağırdır
Marneuli merinin qardaşı Kənan İsmayılov Bolnisidə biznesmenin qrup halında döyülməsi işi üzrə ittiham irəli sürülməsini gözləyir.
InterPress.ge xəbər verir ki, yayılan məlumata görə, o hazırda müvəqqəti saxlanma təcridxanasındadır və istintaq orqanlarının qərarını gözləyir.
Paralel olaraq, əldə edilən məlumata əsasən, döyülən biznesmenin sağlamlıq vəziyyəti ağırdır və o, hazırda istintaqa ifadə vermək vəziyyətində deyil.
Bildirilib ki, hadisə dünən səhər saat 06:00 radələrində baş verib. Məlumata görə, hadisənin baş verdiyi yerdə müşahidə kameraları yoxdur.
Yerlı sakinlərin sözlərinə görə, Kənan İsmayılov və daha bir neçə nəfər çörək biznesi ilə məşğul olan sahibkarı “məsələni aydınlaşdırmaq” adı ilə çağırıb və ona qarşı ağır fiziki zorakılıq tətbiq ediblər. Bildirilir ki, hücumda ümumilikdə 5 nəfər iştirak edib və onlar maskalı olublar.
Məlumata görə, zərərçəkən şəxs ağır vəziyyətdə özü Marneuli polis idarəsinə müraciət edib.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) ilə cinayət işi başladıb. Qeyd olunur ki, hazırda iş üzrə yalnız Kənan İsmayılov saxlanılıb.
İlkin məlumata əsasən, hadisənin motivi biznes maraqları zəminində yaranmış münaqişə ilə əlaqələndirilir.


