08 
Apr
2026
21:35
727

Marneuli merinin qardaşı Kənan İsmayılov barəsində həbs qətimkan tədbiri seçildi

Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa zərər yetirmə faktı üzrə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

InterPress.ge xəbər verir ki, müvafiq qərar Marneuli Magistr Məhkəməsinin hakimi Qvança Çikovani tərəfindən qəbul olunub.

Məhkəmə iclasında ittiham tərəfi təqsirləndirilən şəxs barəsində 100 min lari məbləğində girov qətimkan tədbirinin tətbiqini təklif etsə də, məhkəmə bu vəsatəti təmin etməyərək, həbs qərarını seçib.

İstintaq materiallarına əsasən, Kənan İsmayılov Marneuli bələdiyyəsində baş vermiş insident zamanı digər şəxslərlə birlikdə zərərçəkmişə fiziki zorakılıq tətbiq etməkdə ittiham olunur. Hadisənin biznes fəaliyyəti ilə bağlı yaranmış mübahisə zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi (qrup halında qəsdən sağlamlığa yüngül zərər vurma) ilə istintaq aparılır və bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Məlumata görə, növbəti məhkəmə prosesi may ayının 19-da Bolnisi Rayon Məhkəməsində keçiriləcək. Bu iclasda iş üzrə əsas müzakirələrin davam etdirilməsi gözlənilir.

Bizimlə əlaqə saxlayın