15 
Apr
2026
12:15
187

“Qrantlar haqqında” qanuna dəyişikliklər – bəzi qrantlara hökumət razılığı tələb olunmayacaq

Gürcüstanda “Qrantlar haqqında” qanuna ediləcək dəyişikliklərə əsasən, bir sıra qurumlar tərəfindən verilən qrantlara artıq qanunun müəyyən tələbləri şamil edilməyəcək.

InterPress.ge xəbər verir ki, bu dəyişikliklər parlamentdə ikinci və üçüncü oxunuşda müzakirə edilərək səsverməyə çıxarılıb.

Məlumata görə, yeni düzəlişlərə əsasən Gürcüstan Qızıl Xaç Cəmiyyəti tərəfindən verilən qrantlara “Qrantlar haqqında” qanunun tələbləri tətbiq olunmayacaq. Eyni zamanda, maliyyə-kredit institutlarının təqdim etdiyi qrantlar üçün də Gürcüstan hökuməti ilə razılaşdırma tələb edilməyəcək.

Layihə parlamentin Hüquqi məsələlər komitəsində yenidən işlənib hazırlanıb. Komitə sədri Arçil Qorduladze bildirib ki, bu dəyişikliklər faktiki olaraq artıq mövcud olan yanaşmanın daha aydın şəkildə qanunvericilikdə əks etdirilməsinə xidmət edir.

Onun sözlərinə görə, söhbət əsasən beynəlxalq maliyyə qurumlarının, o cümlədən Dünya Bankının təqdim etdiyi və kredit sazişləri ilə əlaqəli olan qrantlardan gedir və bu cür vəsaitlərdə suverenlik riskləri minimal hesab olunur.

Eyni zamanda qeyd olunub ki, qanun layihəsinə əsasən, bəzi hallarda qrant anlayışı da yenidən müəyyənləşdirilir. Belə ki, akkreditə olunmuş diplomatik nümayəndəliklər, konsulluqlar və beynəlxalq təşkilatların təqdim etdiyi vəsaitlər müəyyən şərtlər daxilində artıq qrant hesab edilməyəcək.

Qeyd edək ki, dəyişikliklər sürətləndirilmiş qaydada müzakirə olunur və qəbul ediləcəyi təqdirdə qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın