Bu tarixdə alınmış bəzi diplomlar magistr dərəcəsinə bərabərləşdirilə bilər
Gürcüstanda 2010-cu il 1 sentyabr tarixindən əvvəl 4 illik ali təhsil proqramını bitirən şəxslərin diplomlarının magistr dərəcəsinə bərabərləşdirilməsi planlaşdırılır.
InterPress.ge xəbər verir ki, bu barədə dəyişikliklər Təhsil və Elm Nazirliyi tərəfindən “Ali təhsil haqqında” qanuna təklif edilib.
Məlumata görə, hazırda qüvvədə olan qanuna əsasən, 2010-cu ilin sentyabrınadək 4 illik proqramı bitirənlərin diplomu bakalavr dərəcəsinə, 5 illik birpilləli proqramı bitirənlərin diplomu isə magistr dərəcəsinə bərabər sayılır. Yeni dəyişikliklər bu fərqi aradan qaldırmağı hədəfləyir.
Nazirlik bildirir ki, mövcud yanaşma qeyri-bərabər vəziyyət yaradır və 4 illik proqramı bitirən şəxslərin hüquqlarını məhdudlaşdırır. Bu dəyişiklik qəbul olunarsa, həmin şəxslər öz hüquqlarını məhkəməyə müraciət etmədən reallaşdıra biləcəklər.
Eyni zamanda, layihə 2010-cu ildən əvvəl akkreditasiyasız verilmiş diplomların tanınmasını da asanlaşdırır. Belə ki, akkreditasiyasını itirmiş və ya ümumiyyətlə keçməmiş ali təhsil müəssisələrini bitirən şəxslərin təhsili məhkəməyə müraciət olmadan tanına biləcək.
Layihədə qeyd olunur ki, indiyədək bu kimi hallarda şəxslər yalnız məhkəmə vasitəsilə diplomlarının tanınmasına nail olurdular. Yeni dəyişikliklər isə bu prosesi sadələşdirərək vətəndaşların hüquqlarının daha rahat təmin olunmasına xidmət edəcək.


