Saxta tibbi arayışlarla hərbi xidmətdən yayınmağa kömək edən şəxs saxlanılıb
Gürcüstanda hərbi xidmətdən yayınmağa kömək edən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Arçil Nikoleişvili Müdafiə Nazirliyində keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxs cinayətkar əlaqədə olduğu digər şəxslərlə birlikdə maliyyə qarşılığında saxta sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlərdən istifadə edərək Gürcüstan vətəndaşlarının məcburi hərbi xidmətdən yayınmasına yardım edib.
Araşdırma nəticəsində 1959-cu il təvəllüdlü V.Ş. saxlanılıb.
Məlumata görə, Gürcüstan Müdafiə Nazirliyinin Baş İnspeksiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi və Gürcüstan Baş Prokurorluğu tərəfindən birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılma baş verib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 30-dan çox şəxsə bu yolla kömək edib və ümumilikdə 100 min laridən artıq məbləği dələduzluq yolu ilə mənimsəyib.
Onun üzərində aparılan axtarış zamanı 6 168,50 lari, yaşayış yerinə baxış zamanı isə 105 000 ABŞ dolları, 50 000 lari və qablaşdırılmış halda narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.
Bildirilib ki, saxlanılan şəxs və onun əlbir olduğu şəxslərlə bağlı bir neçə ay ərzində məhkəmə qərarı əsasında gizli istintaq tədbirləri aparılıb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 362-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaq davam edir və cinayətə cəlb olunmuş digər şəxslərin dairəsinin genişlənə biləcəyi istisna edilmir.


