Parlament hərbi çağırış qaydalarında dəyişiklikləri təsdiqləyib
Gürcüstan parlamenti Müdafiə Nazirliyinin çağırışçıların orduya çağırılması ilə bağlı bildirişlərin təqdim edilməsi qaydasının dəyişdirilməsini nəzərdə tutan təşəbbüsünü təsdiqləyib.
InterPress.ge xəbər verir ki, dəyişiklik “Müdafiə Məcəlləsi”nə edilib və qanun layihəsi parlament tərəfindən üçüncü oxunuşda 80 səslə qəbul olunub. 10 deputat layihənin əleyhinə səs verib.
Qəbul edilmiş dəyişikliklərə əsasən, çağırışçılara bildirişlər artıq yalnız rəsmi sənədin təqdim olunması ilə deyil, həm də müxtəlif kommunikasiya vasitələri, o cümlədən qısa mətn mesajı vasitəsilə göndərilə biləcək.
Yeni qaydalara əsasən, çağırış aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:
• Şəxsin bildiriş və ya çağırış vərəqəsini imza qarşılığında qəbul etməsi ilə;
• Şəxs sənədi imzalamaqdan imtina etdikdə isə bu, sənədi təqdim etmək səlahiyyəti olan şəxsin imzası ilə təsdiqlənəcək;
• Texniki və digər kommunikasiya vasitələri ilə göndərilən bildirişlər isə əks əlaqə və müvafiq qurum tərəfindən tərtib olunmuş akt əsasında təsdiqlənəcək.
Qanun layihəsinə görə, əgər çağırışçıya bildirişin təqdim edilməsi mümkün olmazsa və ya SMS və elektron poçt vasitəsilə 2 iş günü ərzində cavab alınmazsa, yaxud poçtla göndəriş mümkün olmazsa, hərbi qeydiyyat orqanı çağırış barədə məlumatı rəsmi internet səhifəsində dərc edəcək.
Bu halda bildiriş dərc olunduqdan 7 təqvim günü sonra təqdim edilmiş hesab olunacaq və şəxs rəsmi təqdimetmə tarixindən etibarən 10 təqvim günü ərzində hərbi qeydiyyat orqanına müraciət etməli olacaq.
Bundan əlavə, hökumətin qərarı ilə bildirişin təqdim oluna biləcəyi ailə üzvlərinin siyahısı müəyyən ediləcək.
Dəyişikliklər həmçinin müdafiə qüvvələrində xidmətlə bağlı bir sıra məsələləri də əhatə edir.
Hazırkı qanunvericiliyə əsasən, müqaviləli hərbi xidmət formasında çağırış xidmətini keçən hərbçi müqaviləni pozduğu halda, əgər 12 ay xidmət etmişdisə ehtiyata keçirilirdi. Bu müddəti tamamlamayan şəxslər isə 6 və ya 8 aylıq məcburi hərbi xidmətə cəlb olunurdu.
Yeni dəyişikliklərə əsasən isə peşəkar hərbi xidmətdə olan şəxs müqaviləni pozarsa, çağırışdan azadolma və ya möhlət hüququ, eləcə də sənədlə təsdiqlənmiş ağır ailə vəziyyəti olmadığı halda avtomatik olaraq 8 aylıq milli hərbi xidmətə keçiriləcək.
Qanuna əsasən, müqavilə şərtlərinin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı da dəyişiklik edilib.
Belə ki, peşəkar hərbi xidmətdən milli hərbi xidmətə keçirilmiş şəxsin müqaviləni pozduğuna görə ödəməli olduğu cərimə 8 ay müddətinə təxirə salınacaq, xidmət başa çatdıqdan sonra isə həmin cərimə tamamilə ləğv ediləcək.


