06 
Iyl
2026
16:19
86

Hüquq müdafiəçiləri Fatimə Kərimovanın qətlində ittiham olunan əmisi oğlunun Türkiyədən Gürcüstana ekstradisiyasını tələb edirlər

Hüquq müdafiəçiləri 21 yaşlı Fatimə Kərimovanın qətlində ittiham olunan əmisi oğlunun Türkiyədən Gürcüstana ekstradisiya edilməsini tələb edirlər. Söhbət Tbilisinin Varketili rayonunda baş vermiş və geniş rezonans doğuran qətldən gedir.

InterPress.ge xəbər verir ki, "Sapari" təşkilatının rəhbəri Baya Pataraia "Pirveli" telekanalına bildirib ki, cinayət Gürcüstan ərazisində törədildiyi və şübhəli şəxs beynəlxalq axtarışa məhz Gürcüstan tərəfindən verildiyi üçün işə Gürcüstan məhkəməsi baxmalıdır.

Onun sözlərinə görə, saxlanılan şəxs Azərbaycan vətəndaşı olduğundan Azərbaycan da onun ekstradisiyasını tələb edə bilər. Lakin Pataraia qeyd edib ki, beynəlxalq hüquqa əsasən, bu məsələdə üstünlük Gürcüstana məxsusdur.

"Bu son dərəcə ağır cinayət Gürcüstan ərazisində törədilib. Buna görə də Gürcüstanın həmin şəxsi istintaqa cəlb etmək, mühakimə etmək və cəzalandırmaq hüququ və öhdəliyi var. Əminəm ki, Gürcüstan Prokurorluğu onun ekstradisiyasını tələb edib, lakin bunu dəqiqləşdirmək lazımdır.

Bizim hüquqi varisin maraqlarını müdafiə edən tərəf kimi işə cəlb olunmağımızla bağlı tələbimiz qüvvədə qalır və Prokurorluğun cavabını gözləyirik. Hələlik heç bir cavab almamışıq.

Cinayətin xüsusi amansızlıqla törədildiyinə və qətldən əvvəl başqa cinayət əməllərinin də baş verdiyinə dair əsaslı şübhələrimiz var.

Şübhəli Azərbaycan vətəndaşıdır və Azərbaycan tərəfi də onun təhvil verilməsini tələb edə bilər. Lakin beynəlxalq hüquqa əsasən, üstünlük Gürcüstanındır. Bu şəxs beynəlxalq axtarışa məhz Gürcüstan tərəfindən verilib və qaydalara əsasən, Türkiyə onu Gürcüstana təhvil verməlidir", – deyə Baya Pataraia bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Tbilisidə kirayə mənzildə Azərbaycan vətəndaşı Fatimə Kərimovanın meyiti aşkarlanıb. Bu barədə məlumatı ilk olaraq "Sapari" təşkilatının rəhbəri Baya Pataraia yayıb.

Daha sonra mərhumun qohumları "Pirveli"yə bildiriblər ki, Fatimə Kərimova şəxsi həyat tərzinə görə əmisi oğlu tərəfindən öldürülüb.

Məlumata görə, 21 yaşlı Fatimə iyunun əvvəlində sevgilisi ilə birlikdə Tbilisiyə gəlib. Yaxınlarının sözlərinə görə, bir müddət sonra sevgilisi onu küçədə tək qoyaraq geri qayıdıb.

Bundan sonra Fatimənin bacısının sözlərinə görə, onların əmisi oğlu Gürcüstana gəlib, mənzil kirayələyərək gənc qadını öz yanına aparıb və daha sonra ona işgəncə verərək öldürüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər

Bu qadağa təxirə salındı
06.07.2026 11:46
280