Gürcüstanda “qanuni oğru” şəbəkəsinə qarşı xüsusi əməliyyat – 29 nəfər saxlanıldı, “qanuni oğru” da daxil olmaqla 3 nəfərə qiyabi ittiham irəli sürüləcək
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti ölkə üzrə keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində “qanuni oğru” aləmi ilə əlaqədə olmaqda şübhəli bilinən 29 nəfəri saxlayıb, daha 3 nəfərə, o cümlədən bir “qanuni oğruya” qarşı qiyabi ittiham irəli sürüləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze məlumat verib.
Onun sözlərinə görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər maddi gəlir əldə etmək məqsədilə vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrinin həllinə qanunsuz şəkildə müdaxilə ediblər.
Bildirilib ki, kriminal nüfuzun gücləndirilməsi və mübahisə tərəflərinə psixoloji təzyiq göstərilməsi məqsədilə xaricdə yaşayan “qanuni oğru” Besik Caparidze də bu prosesə cəlb olunub.
İstintaqın məlumatına görə, saxlanılan şəxslər xaricdə yaşayan kriminal avtoritetlə razılaşdırılmış şəkildə tərəflərin iştirakı ilə mütəmadi olaraq “oğru məclisləri” təşkil ediblər.
Besik Caparidze məsafədən əlaqə və şəxsi görüşlər zamanı kriminal aləmin qaydalarına uyğun olaraq yekun qərarlar qəbul edib və həmin qərarlar əsasında mübahisə tərəflərindən birinə digər tərəfin xeyrinə külli miqdarda pul ödəmək öhdəliyi qoyulub.
İstintaq həmçinin müəyyən edib ki, bu öhdəliklərin yerinə yetirilməməsi və ya müəyyən olunmuş müddətin pozulması hallarında təqsirləndirilən şəxslər vətəndaşları və onların ailə üzvlərini fiziki zorakılıq, sağlamlığa ağır xəsarət yetirmək və öldürməklə hədələyiblər.
Keçirilən axtarışlar zamanı şübhəlilərin istifadəsində olan mobil telefonlar, kompüter avadanlıqları, qanunsuz əldə edilmiş odlu silahlar və döyüş sursatları maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 223¹, 223³, 223⁴ və 236-cı maddələri ilə istintaq aparılır. Bu maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
David Kiknadze vurğulayıb ki, mütəşəkkil cinayətkarlıq və “qanuni oğru” aləmi ilə mübarizə Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biridir və bu cinayət sxemlərində iştirak edən hər bir şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq.


