09 
Iyl
2026
17:49
81

Marneulidə Azərbaycan dilli məktəblilər üçün üç fənn üzrə “OXU Olimpiadası” keçirilib

Marneulidə Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlər üçün “OXU Olimpiadası” təşkil olunub. Olimpiada iyulun 9-da OXU Təhsil Mərkəziİnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Marneulidə yerləşən Tea House (Çay Evi) məkanında keçirilib.

InterPress.ge xəbər verir ki, bilik yarışına Marneuli, Qardabani və Bolnisi bələdiyyələrində yaşayan məktəblilər qatılıblar. Olimpiadada ümumilikdə 200-dən çox şagird iştirak edib.

İştirakçılar gürcü dili, ingilis dili və riyaziyyat fənləri üzrə test tapşırıqlarını yerinə yetiriblər. Təşkilatçıların sözlərinə görə, Azərbaycan dilli məktəblərin şagirdləri üçün eyni gündə və eyni platformada üç fənn üzrə keçirilən belə genişmiqyaslı olimpiada ilk dəfə təşkil olunub.

Layihənin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək, onların dövlət dili və xarici dil üzrə hazırlığını gücləndirməyə təşviq etmək, eləcə də riyazi düşüncə bacarıqlarının inkişafına dəstək verməkdir.

OXU Təhsil Mərkəzinin rəhbəri Murad Muradov InterPress.ge-yə açıqlamasında bildirib ki, olimpiada regionda yaşayan Azərbaycan dilli şagirdlərin təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş mühüm təşəbbüsdür.

“Gürcü dili, ingilis dili və riyaziyyat müasir təhsil və gələcək peşə seçimi baxımından mühüm fənlərdir. Biz bu olimpiada vasitəsilə şagirdlərin həmin fənlərə marağını artırmaq, onların bilik səviyyəsini müəyyənləşdirmək və daha çox çalışmağa motivasiya etmək istəyirik. İştirakçıların sayı göstərir ki, regionda bu cür təhsil layihələrinə ciddi ehtiyac var”, – deyə Murad Muradov bildirib.

Onun sözlərinə görə, Marneuli ilə yanaşı Qardabani və Bolnisi bələdiyyələrindən olan şagirdlərin iştirakı olimpiadanın regional xarakter daşıdığını göstərir.

“Bu layihə ilə yalnız bir günlük yarış keçirməyi hədəfləmirik. Məqsədimiz şagirdlər üçün davamlı təhsil və inkişaf platforması yaratmaqdır. Növbəti illərdə olimpiadanın əhatə dairəsini genişləndirməyi, daha çox məktəb və şagirdi bu layihəyə cəlb etməyi planlaşdırırıq”, – deyə o əlavə edib.

Olimpiadanın nəticələri yoxlanıldıqdan sonra yüksək nəticə göstərən şagirdlər ikinci mərhələyə vəsiqə qazanacaqlar. Final mərhələsində fərqlənən iştirakçıların medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın