15 yaşlı yeniyetmə bıçaqlanıb – 26 yaşlı şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş İdarəsinin əməkdaşları azyaşlıya qarşı qəsdən ağır bədən xəsarəti yetirməkdə ittiham olunan bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində yaranan münaqişə zamanı yetkinlik yaşına çatmayan şəxsə soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Yaralanan yeniyetmə tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlini isti izlərlə saxlayıblar.
Polis cinayətdə istifadə olunan bıçağı maddi sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumata görə, hadisə Tbilisinin Vaşlicvari qəsəbəsində baş verib. İlkin məlumata əsasən, 26 yaşlı kişi həyətdə səs-küy salan uşaqlarla mübahisə edib və daha sonra onlardan biri – 15 yaşlı yeniyetməni bıçaqlayıb.
"TV Pirveli" telekanalının yaydığı məlumata görə, yaralanan məktəblinin ailə üzvləri onun vəziyyətinin kritik ağır olduğunu bildiriblər.
Onların sözlərinə görə, yeniyetmənin bədənində çoxsaylı bıçaq xəsarətləri var və o, təcili əməliyyat olunub.


