10 
Iyl
2026
19:53
340

Tbilisidə bıçaqlanan 15 yaşlı yeniyetmənin anası: Oğlum Azərbaycan dilində danışdığı üçün mübahisə yaranıb

Tbilisinin Vaşlicvari qəsəbəsində 15 yaşlı Əli Mehtiyev ağır bıçaq xəsarətləri alıb. Hadisə ilə bağlı yeniyetmənin ailəsi qonşular arasında yaranan mübahisənin qanlı qarşıdurma ilə nəticələndiyini bildirib.

InterPress.ge xəbər verir ki, yeniyetmənin anası Sevinc Quliyevanın sözlərinə görə, hadisə oğlu işdən qayıtdıqdan sonra dostu ilə birlikdə küçəyə çıxarkən baş verib.

Qadın iddia edir ki, təxminən 55 yaşlı qonşuları oğluna yaxınlaşaraq onların Azərbaycan dilində danışmasına irad bildirib və təhqiredici ifadələr işlədib.

“Oğlum işdən gəlib dostu ilə küçəyə çıxarkən 55 yaşlarında olan qonşumuz ona yaxınlaşaraq dedi: ‘Niyə Azərbaycan dilində danışırsınız, ay tatarlar?’ Oğlum da cavab verdi ki, ‘Sən kimsən ki, danışanda səndən icazə alaq?’ Bundan sonra həmin şəxs oğlumun başına toqqa ilə vurdu və aralarında əlbəyaxa dava başladı”, – deyə Sevinc Quliyeva bildirib.

Onun sözlərinə görə, qarşıdurma zamanı həmin kişinin 26 yaşlı oğlu da hadisəyə qoşulub.

“Atası oğlumu tutduğu vaxt 26 yaşlı oğlu Əliyə 5 bıçaq zərbəsi vurdu. Oğlum onların əlindən qaçaraq təxminən 400 metr aralıda yerə yıxıldı və 1 litrdən çox qan itirdi”, – deyə zərərçəkənin anası qeyd edib.

Sevinc Quliyevanın sözlərinə görə, Əli Mehtiyev bel nahiyəsindən, dalağından, ürəyinin alt hissəsindən və ayağından bıçaq xəsarətləri alıb.

Hazırda yeniyetmə reanimasiya şöbəsində müalicə alır. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Zərərçəkənin anası bildirib ki, yaşadıqları küçədə çoxlu azərbaycanlı ailələr yaşayır və hadisədə adı hallanan şəxs əvvəllər də azərbaycanlı sakinlərə qarşı təhqiramiz ifadələr işlədib və onlarla münaqişələr yaşayıb.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisə ilə bağlı 26 yaşlı şəxs saxlanılıb. Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi (yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən ağır bədən xəsarəti yetirmə) ilə istintaq aparılır. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Bizimlə əlaqə saxlayın