Telavidə güclü yağış fəsadlar törətdi – Operativ qərargah yaradıldı
Telavidə yağan güclü leysan yağışları nəticəsində Telavi dərəsi daşıb, bunun nəticəsində şəhərin Qafqazioni və Alazani prospektlərinin bir hissəsini su basıb.
InterPress.ge xəbər verir ki, güclü yağıntılar nəticəsində dərənin məcrası dağılıb və su şəhər küçələrinə axıb.
Nəticədə yaşayış binalarının birinci mərtəbələri, kommersiya obyektləri, apteklər və mağazalar su altında qalıb. Həmçinin avtomobillərə və elektrik ötürücü xətlərə ziyan dəyib.
Hadisə yerinə polis, xilasedicilər və yerli hakimiyyət nümayəndələri cəlb olunublar.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Telavidə operativ qərargah yaradılıb. Qərargahın tərkibinə həm qanunverici, həm də yerli icra hakimiyyəti nümayəndələri daxildir.
Qərargah üzvləri artıq ilk iclaslarını keçirərək növbəti mərhələdə görüləcək profilaktik tədbirlər planını müzakirə ediblər.
Rəsmi məlumata görə, fəlakət kifayət qədər genişmiqyaslıdır və əsasən şəhərin infrastrukturuna ciddi ziyan dəyib. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi küçələrin vəziyyəti əlavə qiymətləndirilir və həmin ərazilərdə nəqliyyatın hərəkəti müvəqqəti qadağan edilib.
Hazırda Telavidə yağış dayanıb və suyun səviyyəsi azalmağa başlayıb. Buna baxmayaraq, şəhər sakinlərinin bir hissəsi elektrik enerjisi və təbii qaz təminatından məhrum qalıb.
Xatırladaq ki, güclü yağışlar nəticəsində Telavi dərəsinin daşması şəhərin bir sıra küçələrini su altında qoyub, yaşayış və ticarət obyektlərinə, nəqliyyat vasitələrinə, eləcə də elektrik infrastrukturuna ziyan vurub.


