12 
Iyl
2026
13:06
78

Tbilisidə quldurluq və oğurluqda təqsirləndirilən 5 yeniyetmə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda qrup halında törədilmiş quldurluq və oğurluq faktları üzrə 5 yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, saxlanılanlardan üçü əvvəllər məhkum olunub və hazırda şərti cəza altındadır.

İstintaqla müəyyən edilib ki, yeniyetmələr əvvəlcədən əlbir olaraq, qanunsuz mənimsəmə məqsədilə Tbilisidə fəaliyyət göstərən apteklərdən və ərzaq mağazaları şəbəkələrindən müxtəlif dəyərdə məhsullar oğurlayaraq hadisə yerindən qaçıblar.

Bundan əlavə, istintaq zamanı müəyyən olunub ki, saxlanılanlardan biri vətəndaşlara məxsus mopedləri də qanunsuz yolla ələ keçirib.

Yeniyetmələrin cinayət əməlləri nəticəsində müxtəlif ticarət obyektlərinə 14 min laridən çox maddi ziyan dəyib.

İstintaq çərçivəsində aparılan axtarışlar zamanı ticarət obyektlərinin müşahidə kameralarının görüntüləri götürülüb və həmin görüntülər saxlanılan şəxslərin cinayət əməllərini təsdiqləyir.

Polis keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində beş yeniyetmənin hamısını məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci (quldurluq) və 177-ci (oğurluq) maddələri ilə istintaq aparılır. Bu maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın