20 
Iyl
2026
15:21
255

Telavidəki insidentdə iştirak edən Rusiya vətəndaşlarına bir neçə gün Gürcüstanı tərk etmək qadağan edilib

Telavidə hotellərdən birində toy zamanı baş vermiş insidentdə iştirak edən Rusiya vətəndaşlarına bir neçə gün ərzində Gürcüstanı tərk etməmələri barədə xəbərdarlıq edilib.

InterPress.ge xəbər verir ki, bu barədə hadisədə iştirak edən qadının vəkili Lali Aptsiauri "İnterpressnews" agentliyinə açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, istintaq orqanı onun müdafiə etdiyi şəxsləri ölkəni müvəqqəti tərk etməmələri barədə rəsmi şəkildə xəbərdar edib.

"Onlara bildirilib ki, bir neçə gün ərzində ölkəni tərk etməməlidirlər və onlar da bu göstərişə əməl edirlər", – deyə Aptsiauri bildirib.

O qeyd edib ki, hadisədə iştirak edən qadınlar Ukraynada doğulsalar da, Rusiya vətəndaşlarıdır. Yaralanan şəxslər arasında Türkiyə vətəndaşı da var.

Aptsiaurinin sözlərinə görə, bütün iştirakçılar istintaqa ifadə veriblər, lakin istintaq sirri ilə bağlı öhdəlik daşıdığı üçün hadisənin detalları barədə danışa bilmir.

Vəkil bildirib ki, hazırda onun müdafiə etdiyi şəxslərə qarşı cinayət təqibinin başlanması ilə bağlı istintaq orqanı tərəfindən hər hansı məlumat verilməyib. Bununla belə, o, hüquqşünas kimi belə ehtimalı tam istisna etməyin mümkün olmadığını vurğulayıb.

O, həmçinin saxlanılan Giorgi Çiğladzenin boyun nahiyəsindəki xəsarətlərlə bağlı yayılan iddialara münasibət bildirərək qeyd edib ki, videolarda onun müdafiə etdiyi qadının Çiğladzeyə həmin xəsarətləri yetirdiyi görünmür.

Lali Aptsiauri toy iştirakçılarının irəli sürdüyü təxribat, təhqir, musiqi avadanlığının zədələnməsi və eyvandan maye tökülməsi ilə bağlı ittihamları da rədd edib.

"Toyda 120 nəfər iştirak edirdi. Əgər belə hadisə həqiqətən baş vermişdisə və müəyyən müddət davam edibsə, doğrudanmı heç kimin bunu çəkəcək telefonu olmayıb?" – deyə vəkil bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan videolarda münaqişənin necə başladığı əks olunmur.

Aptsiauri iddia edib ki, qadınlar ad gününü qeyd etmək üçün hotelə gəliblər və eyvanda şampan açdıqları zaman aşağıda olan şəxslər onları söyməyə başlayıblar.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxslər hər hansı təxribat törətdiklərini, insanlara tüpürdüklərini və ya onların üzərinə su tökdüklərini qəti şəkildə inkar edirlər.

O, həmçinin qeyd edib ki, hadisə baş verən vaxt yağış yağırdı və musiqi avadanlığının zədələnib-zədələnmədiyi barədə hələ ekspertiza rəyi yoxdur.

Sonda Aptsiauri vurğulayıb ki, qanun qarşısında hər kəs öz əməlinə görə cavab verməlidir və bu prinsip həm onun müdafiə etdiyi şəxslərə, həm də digər şəxslərə eyni şəkildə şamil olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər