20 
Iyl
2026
20:26
167

Tbilisidə 467 min lari dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tbilisidə külli miqdarda pul və əmlakı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxsi məhkəmənin qərarı əsasında saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs tanışı olan bir kişiyə müəyyən məbləğdə pul müqabilində ABŞ-dan bazar qiymətindən daha ucuz Apple məhsulları gətirəcəyini, həmin məhsulları Gürcüstanda sataraq əldə olunan gəliri onunla bölüşəcəyini vəd edib. Lakin verdiyi vədi yerinə yetirməyərək zərərçəkmişin pulunu dələduzluq yolu ilə mənimsəyib.

Araşdırma zamanı həmçinin məlum olub ki, saxlanılan şəxs başqa bir zərərçəkmişdən sonradan satmaq məqsədilə 19 mobil telefon və bir ədəd qol saatını aldadaraq götürüb, lakin onların dəyərini ödəməyib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs bu əməlləri ilə zərərçəkmişlərə məxsus 467 min lari məbləğində maddi ziyan vurub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi (külli miqdarda dələduzluq) ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər