21 
Iyl
2026
12:32
481

Telavidə rusiyalı turistlərlə insidentə görə saxlanılan Giorgi Çiğladze: Etdiyim əməldən peşmanam

Telavinin “Agarani Estate” hotelində toy zamanı rusiyalı turistlərlə baş verən insidentə görə saxlanılan Giorgi Çiğladze barəsində 5 000 lari məbləğində girov qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azad edilib.

InterPress.ge xəbər verir ki, qərarı Telavi Rayon Məhkəməsinin hakimi Tamar Kapanadze qəbul edib. Məhkəmə prokurorluğun vəsatətini qismən təmin edib.

Məhkəmə prosesində çıxış edən Giorgi Çiğladze baş verən hadisədən peşman olduğunu, lakin məqsədinin insidentin belə nəticələnməsi olmadığını bildirib.

“Törətdiyim əməldən peşmanam, lakin məqsədim bunun belə nəticələnməsi deyildi”, – deyə Çiğladze məhkəmədə bildirib.

Prokurorluq Çiğladze barəsində 5 000 lari məbləğində həbs təminatlı girovun tətbiq edilməsini tələb edirdi. Müdafiə tərəfi isə girovun tətbiqinə razı olsa da, onun həbsdə saxlanılmadan azad edilməsini istəyirdi.

Prokuror Beka Natelauri qətimkan tədbirinin tətbiq edilməsinin zəruriliyini əsaslandırarkən təqsirləndirilən şəxsin yeni cinayət törətməsi və istintaqdan yayınması risklərinin mövcud olduğunu bildirib.

Prokurorluğun təqdim etdiyi versiyaya əsasən, Çiğladze zərərçəkmişlərin qaldığı hotel otağına özbaşına daxil olub və qadınlardan birinə fiziki zor tətbiq edib. İddia olunur ki, o, əvvəlcə qadına çiyin, daha sonra isə üz nahiyəsindən zərbə vurub. Nəticədə qadının burun sümüyü sınıb və beyin silkələnməsi diaqnozu qoyulub.

Müdafiə tərəfi isə prokurorluğun arqumentləri ilə razılaşmayaraq Çiğladzenin hadisənin ilk saatlarından etibarən istintaqla əməkdaşlıq etdiyini və gizlənmək niyyətində olmadığını bildirib.

Vəkillər 5 000 lari məbləğində girovun onlar üçün məqbul olduğunu qeyd ediblər. Müdafiə tərəfinin bildirdiyinə görə, girov məbləğinin ödənilməsi istəyini hotel rəhbərliyi ifadə edib.

Məhkəmə iclasında hakim Tamar Kapanadze Çiğladzenin boyun nahiyəsində olan xəsarətə də diqqət çəkib və həmin xəsarətin polis əməkdaşları tərəfindən yetirilib-yetirilmədiyini soruşub. Çiğladze buna mənfi cavab verib.

Hakimin təqsirləndirilən şəxsin ittihamı qəbul edib-etməməsi ilə bağlı sualına isə onun vəkili cavab verərək, Çiğladzenin istintaqa verdiyi ifadəni təsdiqlədiyini bildirib.

Qeyd edək ki, hadisə 18 iyulda Telavi bələdiyyəsinin Ruispiri kəndində yerləşən “Agarani Estate” hotelində baş verib. Toy qonaqları ilə hoteldə qalan rusiyalı turistlər arasında başlayan sözlü mübahisə sonradan fiziki qarşıdurmaya çevrilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiya vətəndaşları hotel otağının eyvanından toyda iştirak edən şəxsləri təhqir edib və avadanlığın üzərinə su töküblər. Bundan sonra yaranan qarşıdurma zamanı Giorgi Çiğladze qadınlardan birinə fiziki xəsarət yetirib.

Öz növbəsində, Çiğladze də hadisə zamanı boyun nahiyəsindən xəsarət aldığını bildirib.

Hadisədən sonra hüquq-mühafizə orqanları Giorgi Çiğladzeni saxlayıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin birinci hissəsi – sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ilə ittiham irəli sürülüb.

Sözügedən cinayət əməli 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər