22 
Iyl
2026
11:20
215

Gürcüstana qanunsuz silah və sursat gətirilməsinin qarşısı alınıb – iki nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Gürcüstana külli miqdarda odlu silah və sursatın qanunsuz gətirilməsi faktının qarşısını alıb, iki nəfəri saxlayıblar. Saxlanılanlardan biri xarici ölkə vətəndaşıdır.

InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Sarpi gömrük-keçid məntəqəsində və Poti dəniz limanında yerləşən gömrük rəsmiləşdirmə iqtisadi zonasında təqsirləndirilən şəxslərə məxsus avtomobillərə baxış keçiriblər.

Baxış zamanı maddi sübut kimi 500-ə yaxın döyüş patronu, iki pnevmatik idman silahı, 2 000-dən çox güllə gilizi, 900-ə yaxın giliz başlığı və odlu silah patronlarının hazırlanması üçün nəzərdə tutulmuş 2,5 kiloqram barıt götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 19-236-cı və 19-214-cü maddələri ilə istintaq aparılır. Bu maddələr 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın