“ZİRVƏ” Mükafatı 2026 ictimaiyyətə təqdim olundu - FOTO
22 iyul 2026-cı il tarixində Yuxarı Saral kəndində "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə yeni təsis edilən “ZİRVƏ” Mükafatı 2026-nın təqdimat mərasimi keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə 250 nəfər tələbə, müəllim, valideyn, şagird, dövlət qurumlarının rəhbər və nümayəndələri, ictimai xadimlər, eləcə də digər qonaqlar iştirak ediblər. Tədbirin aparıcısı Türkan Kazımlı olub.
Mərasimdə Marneuli bələdiyyəsinin meri Daur İsmayılov, Sakrebulonun sədri Amiran Qiorqadze, tədbirin himayədarı və xeyriyyəçi iş adamı Rəhim Hüseynov, "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov, Aktual.ge xəbər portalının rəhbəri İlkin Hüseynov, Yuxarı Saral ictimai məktəbinin tədris hissə müdiri Mirağa Mustafayev və Hacı Əziz Nəbiyev çıxış edərək təhsilin, gənclərin inkişafının və onların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətindən danışıblar. Çıxışlarda bu cür layihələrin şagird və tələbələrin bilik və bacarıqlarının inkişafına, onların fəallığının artırılmasına və yeni hədəflər müəyyənləşdirməsinə töhfə verdiyi vurğulanıb.
Məlumat verilib ki, “ZİRVƏ” Mükafatı 2026-cı ilin iyul ayında xeyriyyəçi iş adamı Rəhim Hüseynov tərəfindən təsis olunub. Mükafat hər il təhsil, elm, incəsənət, mədəniyyət və idman sahələrində fərqlənən gənclərin əməyinin qiymətləndirilməsi məqsədilə təqdim olunacaq.
İlk “ZİRVƏ” Mükafatı təhsil sahəsində uğur qazanan gənclərə təqdim edilib. Dövlət təqaüdünə layiq görülmüş fəal universitet tələbələri Naz Əhmədova, Aynur Əhmədova, Lalə Babayeva, Kamran Paşayev və Aygün Dəmirpazova plaket və hər biri 1 000 lari məbləğində pul mükafatı ilə təltif olunublar.
Mərasim çərçivəsində 21 iyul tarixində keçirilmiş “Zəka” İntellektual Bilik Yarışının qalibləri olan doqquz nəfər "SARAL İnkişaf və Təhsil Mərkəzi"nin üzvünə diplom, medal və hədiyyələr təqdim edilib.
Bununla yanaşı, "SARAL İnkişaf və Təhsil Mərkəzi"ndə könüllü fəaliyyət göstərən müəllimlər – Sara İskəndərova, Aylin Hümbətova, Günel Abdullayeva, Emil Allahverdiyev, Aminə Əhmədova və Ruxsara Mamedova fəaliyyətlərinə görə plaket və hər birinə 500 lari məbləğində pul mükafatı ilə təltif olunublar.
İl ərzində mərkəzin fəaliyyətində fəallığı ilə seçilən Mehdi Abbasov, Mərziyə Şahnazarova, Arzu Qələndərova, Həcər Yusubova, Emin Bayramov, Əmir Zeynalov və Səadət Bəxtiyarova da hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir çərçivəsində Aktual Media tərəfindən hazırlanan “Novella 2” sənədli filminə Rəhim Hüseynovun rəsmi tərəfdaş olması ilə bağlı imza mərasimi də keçirilib.
Mərasim zamanı tədbirin himayədarı Rəhim Hüseynova 60 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda qonaqlar "SARAL İnkişaf və Təhsil Mərkəzi"nin rəsm kursu üzvlərinin əl işlərindən ibarət açıq hava sərgisi ilə tanış olub, daha sonra iştirakçılar və qonaqlar xatirə şəkilləri çəkdiriblər.














