28 
Iyl
2026
12:28
305

Gürcüstanda “qanuni oğru” ilə əlaqədə şübhəli bilinən 27 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi “qanuni oğru”larla əlaqədə olmaqda şübhəli bilinən 27 nəfəri saxlayıb, daha 6 nəfərə isə ittiham irəli sürüləcək. Onlardan biri xaricdə olan “qanuni oğru” Mamuka Çxaberidzedir.

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər xaricdə olan “qanuni oğru” Mamuka Çxaberidzedən göstəriş alır və onun tapşırıqlarına uyğun fəaliyyət göstərirdilər. Onlar mütəmadi olaraq bir-biri ilə əlaqə saxlayır, “oğru razborkaları” təşkil edir və qərarları “oğru aləmi”nin qaydalarına uyğun qəbul edirdilər.

İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxslər tərəflər arasında maliyyə mübahisələrinə baxır, tərəflərdən birini digər tərəfin və özlərinin xeyrinə pul ödəməyə məcbur edirdilər. Müəyyən edilmiş müddətlərə əməl olunmadıqda isə fiziki zorakılıq və ölümlə hədələyirdilər.

Polis təqsirləndirilən şəxslərin evlərində və üzərlərində aparılan axtarışlar zamanı onların bir-biri və xaricdə olan “qanuni oğru” ilə əlaqə saxladıqları kompüter texnikası və mobil telefonları maddi sübut kimi götürüb. Həmçinin müxtəlif növ odlu silahlar və döyüş sursatı da aşkarlanaraq götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 223¹, 223³, 223⁴ və 236-cı maddələri ilə istintaq aparılır. Bu maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

David Kiknadzenin sözlərinə görə, cari ilin 1 yanvar tarixindən bu günədək hüquq-mühafizə orqanları tərəfindən “oğru aləmi” ilə əlaqədə olmaqda şübhəli bilinən ümumilikdə 343 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 8-i “qanuni oğru”dur.

Bizimlə əlaqə saxlayın