2026-cı il vahid milli imtahanlarının ilkin nəticələri açıqlanmağa başlayıb
2026-cı il vahid milli imtahanlarında iştirak edən abituriyentlər üçün ilkin nəticələrin açıqlanmasına başlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Milli Qiymətləndirmə və İmtahan Mərkəzi gürcü dili və ədəbiyyatı, osetin dili, tarix, kimya, təsviri və tətbiqi incəsənət, həmçinin vətəndaşlıq təhsili fənləri üzrə ilkin nəticələri dərc edib.
Mərkəzin məlumatına görə, nəticələrini öyrənmək istəyən abituriyentlər online.naec.ge saytına daxil olaraq müvafiq xanaya şəxsi nömrələrini və səkkizrəqəmli parollarını yazmalıdırlar. Şəxsi səhifədə imtahan iştirakçıları öz işlərinin surətini və müvafiq fənn üzrə əldə etdikləri ilkin (“xam”) balı görə bilərlər.
Bildirilib ki, gürcü dili və ədəbiyyatı, osetin dili və tarix fənləri üzrə maksimum bal 60, keçid balı isə 15-dən yuxarıdır. Kimya fənni üzrə maksimum bal 63, keçid balı 16, təsviri və tətbiqi incəsənət üzrə maksimum bal 70, keçid balı 18, vətəndaşlıq təhsili üzrə isə maksimum bal 60, keçid balı 16-dır.
Məlumata əsasən, gürcü dili və ədəbiyyatı, eləcə də tarix fənləri üzrə bərabərləşdirmədən sonra balı 15-dən yuxarı olan abituriyentlər də keçid həddini aşmış hesab oluna bilərlər.
Abituriyentin keçid balını toplayıb-toplamadığı isə yekun nəticələr elan olunduqdan sonra məlum olacaq.


