"Mamed" MMC-nin lisenziyası ləğv edildi - Qızılhacılı kəndində təbii qazın paylanması "SOCAR Georgia Gas" şirkətinə verildi
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində təbii qazın paylanması ilə bağlı dəyişiklik edilib.
InterPress.ge xəbər verir ki, Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının (GNERC) 30 iyul 2026-cı il tarixli qərarına əsasən, "Mamed" MMC-nin təbii qazın paylanması üzrə lisenziyası ləğv edilib. 1 avqust 2026-cı il tarixindən etibarən Qızılhacılı kəndində təbii qazın paylanması fəaliyyətini "SOCAR Georgia Gas" MMC həyata keçirəcək.
Qərara əsasən, indiyədək "Mamed" MMC vasitəsilə təbii qazla təmin olunan bütün istehlakçılar "SOCAR Georgia Gas" MMC-nin abonenti kimi yenidən qeydiyyatdan keçməlidirlər. Məişət istehlakçıları üçün təbii qazın tarifi 47 tetri müəyyən edilib.
Abonentlərin qeydiyyatı 1–5 avqust tarixlərində Marneuli şəhəri, Yağluca küçəsi 23 ünvanında yerləşən şirkətin xidmət mərkəzində aparılacaq. Bildirilir ki, xidmət mərkəzi şənbə və bazar günləri də fəaliyyət göstərəcək.
Qeydiyyat zamanı vətəndaşlar aşağıdakı sənəd və məlumatları təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- yaşayış ünvanı;
- mobil telefon nömrəsi;
- qaz sayğacının fotosu.
Məlumatlar alternativ olaraq şirkətin [email protected] elektron poçt ünvanına, həmçinin WhatsApp və Viber vasitəsilə 577 33 03 46 nömrəsinə də göndərilə bilər.
Əlavə məlumat almaq istəyən vətəndaşlar 16114 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər.


