Taksi sürücüsünü bıçaqlayan azyaşlı saxlanıldı – DİN hadisənin təfərrüatlarını açıqladı
Tbilisidə taksi sürücüsünə bıçaqla ağır xəsarət yetirməkdə təqsirləndirilən azyaşlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin gedişində sürücü ağır yaralanıb, şübhəli isə hadisə yerindən qaçıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, taksi sürücüsü ilə azyaşlı arasında münaqişə gediş haqqının ödənilməsi üstündə yaranıb.
İstintaqla müəyyən edilib ki, mübahisə zamanı cinayətdə təqsirləndirilən azyaşlı soyuq silahdan istifadə edərək taksi sürücüsünə ağır bədən xəsarətləri yetirib və daha sonra hadisə yerini tərk edib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ-axtarış və istintaq tədbirləri nəticəsində azyaşlı şəxs təqsirləndirilən qismində saxlanılıb. Polis cinayətin törədilməsində istifadə olunan bıçağı maddi sübut kimi götürüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Həmin maddə sağlamlığa qəsdən ağır xəsarət yetirmə cinayətini nəzərdə tutur və 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.


