31 
Iyl
2026
22:57
190

Gürcüstanda dövlət universitetləri tam ödənişsiz olacaq – Təqaüdü saxlamaq üçün yeni şərtlər açıqlanıb

2026–2027-ci tədris ilindən etibarən Gürcüstanın dövlət universitetlərinə qəbul olunan tələbələrin təhsil haqqı dövlət tərəfindən tam maliyyələşdiriləcək. Lakin üçüncü semestrdən etibarən tam maliyyələşmənin davam etməsi üçün tələbələr müəyyən akademik tələbləri yerinə yetirməli olacaqlar.

InterPress.ge xəbər verir ki, bu barədə mshoblebi.ge portalı Gürcüstan hökumətinin ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin yeni qaydalarını təsdiqləyən qərarına istinadən məlumat yayıb. Qərara əsasən, dövlət müvafiq təhsil proqramları üzrə tələbələrin təhsil haqqını tam qarşılayacaq, lakin bu maliyyələşmənin tam saxlanılması akademik göstəricilərdən asılı olacaq.

Yeni qaydalar yalnız 2026–2027-ci tədris ilindən etibarən dövlət universitetlərinə qəbul olunacaq tələbələrə şamil ediləcək.

Məlumata görə, dövlət maliyyələşdirilməsi iki hissədən ibarət olacaq. Birinci hissə – 50 faiz zəmanətli baza maliyyələşdirilməsi – bütün uyğun tələbələr üçün avtomatik şəkildə təmin ediləcək. İkinci hissə isə 50 faiz akademik nailiyyətlərə əsaslanan maliyyələşdirmə olacaq.

Tələbələrə ilk iki semestr ərzində əlavə 50 faizlik maliyyələşmə də avtomatik veriləcək. Lakin üçüncü və sonrakı semestrlərdə bu dəstəyi qorumaq üçün əvvəlki semestrdə 30 ECTS kredit yükünün ən azı 80 faizini, yəni minimum 24 krediti müvəffəqiyyətlə toplamaq tələb olunacaq.

Əgər tələbə bu göstəricini yerinə yetirə bilməsə, dövlət yalnız baza üzrə 50 faiz maliyyələşdirməni saxlayacaq, qalan 50 faizi isə tələbə öz vəsaiti hesabına ödəməli olacaq. Məsələn, təhsil haqqı 4000 lari olduqda, dövlət hər halda 2000 larini ödəyəcək, digər 2000 lari isə tələbənin akademik nəticələrindən asılı olacaq.

Bir fəndən kəsilmək avtomatik olaraq maliyyələşmənin itirilməsi demək deyil. Məsələn, tələbə 30 kreditlik semestrdə 5 kreditlik bir fəndən kəsilsə, lakin digər fənləri uğurla başa vuraraq ümumilikdə 25 kredit toplasa, əlavə maliyyələşdirməni saxlayacaq. Ancaq toplanan kreditlərin sayı 24-dən az olarsa, ikinci 50 faizlik dövlət dəstəyi dayandırılacaq.

Portalın məlumatına görə, itirilmiş maliyyələşməni bərpa etmək də mümkündür. Bunun üçün tələbə növbəti semestrdə tam – yəni 100 faiz kredit yükünü (adətən 30 ECTS) toplamalıdır.

Yeni qaydalarda bəzi kateqoriyalar üçün istisnalar da nəzərdə tutulub. Belə ki, autizm spektr pozuntusu olan şəxslərə, Təhsil Nazirliyinin inklüziv təhsil proqramlarının benefisiarlarına, həmçinin ağır, əhəmiyyətli və orta dərəcəli əlilliyi olan şəxslərə 80 faizlik akademik tələb tətbiq edilməyəcək.

Qərara əsasən, dövlət maliyyələşdirilməsi proqramın standart müddəti ərzində davam edəcək. Bu müddət 4 illik bakalavr proqramları üçün maksimum 8 semestr, 3 illik bakalavr proqramları üçün 6 semestr, tibb ixtisasları üzrə 12 semestr, magistratura proqramlarında isə proqramın müəyyən edilmiş müddəti qədər olacaq.

Qeyd edək ki, təhsil proqramlarının dəyəri ixtisas və təhsil sahəsindən asılı olaraq dəyişir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər