02 
Avq
2026
21:32
195

Nahid Qurbanov: "LIDA.ge hüquqi xidmətlərdə dil baryerlərini aradan qaldıracaq"

Bu gün Tbilisidə keçirilən LIDA.ge (Legal Intelligence & Digital Assistant) rəqəmsal hüquqi yardım platformasının təqdimat mərasimində layihənin rəhbəri, InterPress.ge xəbər portalının baş redaktoru Nahid Qurbanov layihənin məqsədi, yaradılma zərurəti və gələcək inkişaf planları barədə danışıb.

Nahid Qurbanov bildirib ki, LIDA.ge platforması Gürcüstanda hüquqi xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlardan biridir və əsas məqsəd hər bir insan üçün hüquqi yardımı daha əlçatan etməkdir.

Onun sözlərinə görə, layihənin hazırlanmasına səbəb uzun illər ərzində müşahidə olunan problemlər, xüsusilə də regionlarda yaşayan insanların, etnik azlıqların və xarici vətəndaşların hüquqi xidmətlərə çıxış zamanı üzləşdikləri çətinliklər olub.

"Bu platformanı hazırlayarkən ilk növbədə insanların ehtiyaclarını düşündük. Bir çox vətəndaş hüquqi problemlə üzləşdiyi zaman hara müraciət edəcəyini bilmir, dil baryeri səbəbindən hüquqlarını tam müdafiə edə bilmir və ya peşəkar hüquqi xidmət almaqda çətinlik çəkir. Məqsədimiz bütün bu problemləri müasir texnologiyalar vasitəsilə minimuma endirməkdir", – deyə Nahid Qurbanov bildirib.

Layihə rəhbərinin sözlərinə görə, LIDA.ge platforması süni intellekt texnologiyalarından istifadə etməklə istifadəçilərə hüquqi məlumatların əldə olunmasını, sənədlərin hazırlanmasını və peşəkar hüquqi dəstəyə çıxışı xeyli asanlaşdıracaq.

"İstifadəçilər öz ana dillərində platformadan istifadə edə, hüquqi suallarını verə, müxtəlif dövlət qurumlarına müraciətlər hazırlaya, hüquqi sənədlər yarada və ehtiyac olduqda ixtisaslaşmış vəkillərlə onlayn video məsləhətləşmələr həyata keçirə biləcəklər. Bütün bunlar bir platforma üzərindən həyata keçiriləcək", – o qeyd edib.

Nahid Qurbanov vurğulayıb ki, layihənin əsas üstünlüklərindən biri də etnik azlıqlar üçün yaradılan imkanlardır.

"Gürcüstanda yaşayan azərbaycanlılar, ermənilər və digər etnik icmalar artıq hüquqi sənədlərini öz ana dillərində hazırlaya biləcəklər. Sistem həmin sənədləri avtomatik olaraq peşəkar hüquqi üslubda gürcü dilinə çevirəcək. Bu, dövlət qurumlarına müraciət prosesini xeyli sadələşdirəcək və dil baryerini aradan qaldıracaq", – deyə o bildirib.

Layihə rəhbəri qeyd edib ki, platformada yalnız təsdiqlənmiş vəkillər fəaliyyət göstərəcəklər.

"İstifadəçi hüquqi probleminə uyğun vəkil seçəcək, platforma üzərindən görüş vaxtını təyin edəcək və müəyyən olunmuş vaxtda onlayn video məsləhətləşmə aparacaq. Bununla həm vətəndaşlar peşəkar hüquqi yardıma daha rahat çıxış əldə edəcək, həm də vəkillər üçün yeni imkanlar yaranacaq", – Nahid Qurbanov əlavə edib.

O bildirib ki, layihənin hazırlanması zamanı hüquqşünaslar, vəkillər və informasiya texnologiyaları üzrə mütəxəssislərlə birgə geniş iş aparılıb.

"Biz istəyirik ki, LIDA.ge yalnız hüquqi suallara cavab verən platforma olmasın. Məqsədimiz insanların hüquqi savadlılığını artırmaq, hüquqi xidmətləri müasir texnologiyalarla birləşdirmək və Gürcüstanda hüquqi xidmətlərin rəqəmsal inkişafına töhfə verməkdir", – deyə layihə rəhbəri vurğulayıb.

Nahid Qurbanov sonda bildirib ki, gələcəkdə platformanın funksiyalarının daha da genişləndirilməsi, yeni xidmətlərin əlavə olunması və Gürcüstanın bütün regionlarını əhatə edən vahid rəqəmsal hüquqi xidmət ekosisteminin yaradılması planlaşdırılır.

"İnanırıq ki, LIDA.ge yaxın illərdə Gürcüstanda hüquqi xidmətlərin göstərilməsi sahəsində mühüm yeniliklərdən birinə çevriləcək və minlərlə insanın hüquqi problemlərinin daha sürətli və rahat həllinə töhfə verəcək", – deyə Nahid Qurbanov fikirlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın