03 
Avq
2026
19:23
29

Kus Gölü paylarının ələ keçirilməsi işi: Giorgi Udesiani və həbsxananın sabiq rəisi 10 il 6 ay azadlıqdan məhrum edildi

Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək, biznesmen Besarion Xardzianın Kus Gölündəki paylarını məcburi şəkildə ələ keçirmək məqsədilə ona işgəncə verilməsi və əmlakının hədə-qorxu ilə alınması faktları üzrə Giorgi Udesiani və Penitensiar Departamentin 8 saylı cəzaçəkmə müəssisəsinin sabiq direktoru Aleksandre Muxadzeni təqsirli bilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb. Bildirilib ki, məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla müəyyən olunub ki, 2008-ci ildə Giorgi Udesiani və Besarion Xardzian "Kus Tba Kala" MMC və "Kus Tba Palas" MMC-nin ortaqları olublar.

İstintaq materiallarına əsasən, 2011-ci ildə Besarion Xardzian narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Penitensiar Departamentin 8 saylı müəssisəsinə yerləşdirilib. Prokurorluğun iddiasına görə, Giorgi Udesiani Xardzianın və ailə üzvlərinin mülkiyyətində olan Kus Gölü paylarını qanunsuz yolla ələ keçirmək və həmin əmlaka tam nəzarət əldə etmək məqsədilə cinayət planı hazırlayıb. Bu məqsədlə o, dostluq münasibətində olduğu müəssisənin direktoru Aleksandre Muxadzeyə müraciət edərək həbsxanada Xardzian üçün dözülməz şərait yaradılmasını tapşırıb.

Məhkəmənin müəyyən etdiyi faktlara görə, Besarion Xardzianın kamerasına müəssisə rəhbərliyinin etibar etdiyi iki məhbus yerləşdirilib. Onlar təxminən iki ay ərzində Xardziana sistemli şəkildə fiziki və psixoloji zorakılıq tətbiq edərək onu Kus Gölündəki paylarını Giorgi Udesianinin xeyrinə verməyə məcbur ediblər. Bildirilir ki, bu zorakılıqda müəssisənin bəzi əməkdaşları da iştirak edib və ya buna şərait yaradıblar. Həmçinin Giorgi Udesianinin Xardzianın qardaşı Giorgi Xardziana da fiziki və psixoloji təzyiq göstərdiyi qeyd olunub.

Nəticədə Besarion Xardzian və ailə üzvləri həbsxanada zorlanma və öldürülmə hədələri altında təxminən 4 milyon lari dəyərində olan "Kus Tba Kala" və "Kus Tba Palas" şirkətlərindəki paylarını Giorgi Udesianiyə verməyə məcbur olublar.

Məhkəmənin hökmü ilə Giorgi Udesiani Gürcüstan Cinayət Məcəlləsinin işgəncənin təşkil edilməsi və külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə maddələri üzrə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Aleksandre Muxadze isə vəzifəli şəxs tərəfindən sifarişlə işgəncə vermə, habelə zor tətbiq etməklə və zərərçəkənin ləyaqətini alçaltmaqla vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bizimlə əlaqə saxlayın